AZ

Əhalinin məşğulluğunun artırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur

Bakı, 10 sentyabr, AZƏRTAC

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci il payız sessiyası üçün iş planında əhalinin məşğulluğunun artırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Sosial rifahın təmin olunması və əmək bazarının səmərəli fəaliyyətinin təşviqi baxımından məşğulluq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Qasımlı komitənin cari ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, qarşıdakı dövrdə əhalinin məşğulluğunun artırılması sahəsində mövcud qanunvericilik aktlarına baxılması və onların təkmilləşdirilməsi zəruridir: “İş planında bu istiqamətdə konkret addımların atılması məqsədilə “Əhalinin məşğulluğunun artırılması sahəsində qarşıda duran vəzifələr və qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur. Bu dinləmələr çərçivəsində aidiyyəti dövlət qurumlarının, ekspertlərin, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə mövcud problemlərin və onların mümkün həll yollarının geniş müzakirəsi planlaşdırılır. Məqsəd məşğulluq siyasətinin daha effektiv həyata keçirilməsi üçün qanunvericiliyin praktikaya uyğunlaşdırılması, əmək bazarının dəyişən tələblərinə cavab verə biləcək normativ mexanizmlərin işlənib hazırlanmasıdır”.

Qeyd edilib ki, komitənin gündəliyində yer alan bu təşəbbüs, ölkənin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, dayanıqlı məşğulluq imkanlarının yaradılması və əmək resurslarının səmərəli şəkildə səfərbər olunması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.

Seçilən
81
azertag.az

1Mənbələr