Suriyada təxminən 16 milyondan çox insanın humanitar yardıma ehtiyacı var. Həmçinin 2,5 milyon nəfərə yaxın məcburi köçkünün və ölkəyə dönmüş qaçqının çoxunun evləri dağılıb.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Suriyadakı daimi nümayəndəsi və humanitar məsələlər üzrə koordinatoru Adam Abdulmoula missiyasının başa çatması münasibətilə keçirdiyi mətbuat konfransında deyib.
“Suriyada hələ də köçkünlük böhranı davam edir. Ümumilikdə 6 milyondan çox suriyalı məcburi köçkün var. Bu sayda suriyalı qaçqın dünyanın müxtəlif ölkələrində yaşayır”, - deyə BMT nümayəndəsi əlavə edib.
Abdulmoula, həmçinin diqqətə çatdırıb ki, Suriyadakı evlərin təxminən 24 faizi son illərdə zədələnib və ya dağıdılıb. Vəziyyətin çətinliyinə baxmayaraq, BMT-nin bu istiqamətdə aldığı maliyyə yardımının son dərəcə az olduğunu bildirən daimi nümayəndə deyib ki, 2025-ci il üçün nəzərdə tutulan Suriyanın Humanitar Cavab Planı üçün tələb olunan 3,2 milyard ABŞ dollarından indiyədək yalnız 14 faizi təmin olunub.