Çendu, 10 sentyabr, AZƏRTAC
Dövlət başçıları İlham Əliyev və Si Cinpinin strateji baxışları sayəsində Azərbaycan-Çin münasibətləri davamlı inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu fikri Çinin Sıçuan əyalətinin qubernatoru xanım Şi Siaolin Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Görüşdə son illər Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişaf edərək, keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi, Azərbaycan Prezidentinin cari ilin aprelində Çinə dövlət səfəri zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanatın imzalandığı vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi-ticari, mədəni-humanitar, habelə ölkələrimizin regionları və şəhərləri arasında əməkdaşlığın dərinləşməsinə stimul verir.
Sıçuan əyaləti ilə Azərbaycan arasında yaxşı dostluq münasibətlərinin formalaşdığını diqqətə çatdıran xanım Şi Siaolin 2008-ci ildə döyük dağıntılara səbəb olan zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə əyalətin Vençuan bölgəsinin Houba yaşayış məntəqəsində müasir məktəb binasının inşasına maddi yardım ayrıldığını minnətdarlıqla xatırlayıb. O, Sıçuan əyaləti ilə Bakı, əyalətin Mienyan şəhəri ilə Sumqayıt, Lianşan prefekturası ilə Şəki arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu, ötən illərdə Sıçuanda Azərbaycan musiqi gecəsinin keçirildiyini, Sıçuandan olan musiqi qrupunun Şəkidə festivalda iştirak etdiyini, Çenduda “Azərbaycan Ticarət Evi”nin açıldığını, pandemiya dövründə qarşılıqlı yardımlar göstərildiyini diqqətə çatdırıb. Həmçinin Bakı ilə Çendu arasında birbaşa aviareyslərin açılması perspektivinin müzakirə edildiyini, Çendudan Azərbaycan vasitəsilə Avropaya yük qatarı marşrutunun fəaliyyət göstərdiyini bildirib. Bütün bunların Çin-Azərbaycan dostluğunu zənginləşdirdiyini vurğulayan qubernator, hər iki ölkənin mədəni və tarixi irsinin turizm sahəsində əlaqələrin genişlənməsinə təkan verdiyini deyib.
Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın Çin ilə bütün sahələrdə münasibətlərin dərinləşməsində maraqlı olduğunu, bu konteksdə Azərbaycan ilə Çinin əyalətləri arasında iqtisadi-ticari, mədəni, elm və təhsil, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Azərbaycan nümayəndə heyəti “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkətinin təsisçisi və sədri Sie Yi ilə də görüşüb, iki ölkə arasında iqtisadi əlaqələrdən danışılıb.
Baş nazirin müavini Ş.Mustafayev ölkəmizdə hökm sürən siyasi sabitliyin iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını təmin etdiyini, iqtisadiyyatın diversifikasiyası, o cümlədən qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən işlər sayəsində Azərbaycanda əlverişli biznes və investisiya mühitinin formalaşdığını diqqətə çatdırıb. O, əlverişli coğrafi mövqe və nəqliyyat-tranzit dəhlizləri sayəsində Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu, bundan başqa, xüsusi iqtisadi zonalarda, o cümlədən Ələt Azad İqtisadi Zonasında (AİZ) və ölkəmizin sənaye parklarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradıldığını deyib, Azərbaycanda əsas bərpa-quruculuq bölgələri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl investisiyaların cəlb edilməsini fəal şəkildə təşviq etdiyini bildirib.
Bu konteksdə “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkətinin Ələt Azad İqtisadi Zonasında günəş panellərinin istehsalı ilə bağlı ən müasir texnoloji standartlara cavab verəcək müəssisə açmaq planının, həmçinin ölkəmizin investisiya potensialının Çinin işgüzar dairələrini Azərbaycana sərmayə yatırmağa təşviq edəcəyinə əminlik ifadə olunub.
Şirkətin təsisçisi və sədri Sie Yi Azərbaycan Prezidenti İlham Əliyevin Çinə sonuncu səfəri zamanı onun rəhbərlik etdiyi heyəti qəbul etməsini məmnunluqla xatırlayıb. “Görüşdə Prezident İlham Əliyevin bizim Ələt AİZ-də müəssisə açmaq planımıza tam dəstək verməsini bildirməsindən sonra Azərbaycana sərmayə yatırmaqda doğru seçim etdiyimizə əmin oldum”, - deyən Sie Yi əlavə edib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi şirkətə yeni bazarlara daha rahat çıxış təmin edəcək. Ələt AİZ-dəki müəssisədə istehsal olunacaq məhsulları qonşu ölkələrə, Türkiyəyə, Avropaya, hətta Amerikaya ixrac etmək üçün danışıqlar aparılır. “Düşünürük ki, Azərbaycanda açacağımız müəssisə başlanğıcdır. Gələcəkdə Azərbaycanı həm şirkətimizin istehsal mərkəzi, həm də “yaşıl enerji” habı kimi görürük”, - deyə Sie Yi bildirib.
Sonra Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu ilə “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” arasında Ələt AİZ-də günəş panelləri istehsalı müəssisəsinin yaradılması üzrə İnvestisiya Sazişi imzalanıb. Sazişə əsasən, şirkət Ələt Azad İqtisadi Zonasında lazımi infrastruktur və kommunikasiyalarla təmin olunmuş 23 hektarlıq hazır sənaye torpaq sahəsində üç müasir istehsal müəssisəsi inşa edəcək. Müəssisələrdə illik 3 qiqavat (QVt) istehsal gücünə malik günəş panelləri, həmçinin silisium kristalları və komponentləri istehsal olunacaq. Bu müəssisədə istehsal ediləcək günəş panelləri, eyni zamanda, şirkət tərəfindən Ələt Azad İqtisadi Zonasında inşa olunacaq Günəş Elektrik Stansiyasının tikintisində də istifadə ediləcək. Məhsulların əksər hissəsi qlobal bazarlara ixrac ediləcək, bu isə Azərbaycanın bərpaolunan enerji istehsalı üzrə strateji mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Çendu