AZ

Süni intellektin filmi Kann festivalında nümayiş olunacaq

Süni

Kann kinofestivalında süni intellekt ilə yaradılmış tammetrajlı cizgi filmi nümayiş olunacaq.

Reyting.az
-ın məlumatına görə, süni intellekt sahəsində ixtisaslaşmış ABŞ şirkəti 2026-cı ildə keçiriləcək Kann kinofestivalında "Critterz" adlanan, həm də süni intellekt tərəfindən çəkilməsi planlaşdırılan cizgi filmi təqdim edəcək.

Bu yeni layihənin ideya müəllifi "OpenAI" şirkətinin kreativ mütəxəssisi Çad Nelsondur. Nelson uzun illər ərzində "DALL-E" təsvir generatorundan istifadə etməklə, personaj eskizləri çəkib və qısametrajlı bir film çəkməyə çalışıb. Süni intellekt animasiyası sahəsində qazandığı təcrübə onun bu böyük şirkətdə iş tapmasına kömək edib.

Məlumata görə, bu yeni filmin ssenarisini "Paddinqtonun Peruda macəraları" filmi üzərində çalışmış komanda yazıb.

İlkin proqnozlara əsasən, bu cizgi filminin hazırlanması təxminən doqquz ay davam edəcək. Filmin istehsalında təxminən 30 nəfərin iştirak edəcəyi, büdcəsinin isə 30 milyon dollardan da az olacağı bildirilir. Bundan başqa, yaradıcılar süni intellekt vasitəsilə yaradılan obrazların səslərini peşəkar aktyorlara həvalə edəcəklər.

Bununla belə, yeni layihəyə yanaşmalar birmənalı deyil. Bəzi kino adamları, eləcə də bu sahədə çalışan kino tənqidçiləri və mütəxəssislər hesab edirlər ki, yeni film möcüzəyə çevrilməyəcək. Onların fikrincə, tamaşaçılar "süni intellektin çəkdiyi" cizgi filmindən zövq almayacaqlar.

Kino tənqidçiləri onu da bildiriblər ki, süni intellekt artıq müxtəlif sahələrdə mütəxəssislərin mütəmadi istifadə etdiyi vasitəyə çevrilsə də, maşın öyrənməsi alqoritmlərinin bu qədər tez "animator" ola biləcəyi gözlənilməyib.

Oqtay QORÇU
Seçilən
19
1
reyting.az

2Mənbələr