AZ

"Hadisənin Qətərdə baş verməsi Körfəz ölkələri arasında yeni siyasi gərginlik yarada bilər" - POLİTOLOQ

"Hadisənin Qətərdə baş verməsi Körfəz ölkələri arasında yeni siyasi gərginlik yarada bilər" - POLİTOLOQ"İsrailin ardıcıl şəkildə Həmas rəhbərliyinə qarşı həyata keçirdiyi hədəfli əməliyyatlar artıq Yaxın Şərqdə mövcud gərginliyi yeni mərhələyə daşıyır. Xüsusilə son əməliyyatın Qətərdə baş verməsi və bu prosesdə müxtəlif iddiaların səsləndirilməsi region ölkələrinin münasibətinə təsirsiz ötüşməyəcək. Ərəb ölkələri üçün bu hadisə, həm Qətərin mövqeyi, həm də ABŞ-ın prosesdə mümkün iştirakı baxımından ciddi suallar doğurur.Müsəlman dünyasında bu əməliyyat qəzəb və narahatlıq doğura bilər, çünki Həmasın liderlərinə qarşı addımlar bir çox dairələrdə Fələstin məsələsinin ümumi kontekstindən ayrılaraq qiymətləndirilmir. Hadisənin Qətərdə baş verməsi isə Körfəz ölkələri arasında yeni siyasi dartışmalar yarada bilər. Çünki Qətər uzun illərdir vasitəçilik rolunu oynayır və indi onun neytrallığı sual altına düşə bilər".

Bu sözləri Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

O, açıqlamasında qeyd edib ki, ABŞ-ın əməliyyatdan əvvəl məlumatlandırılması xəbərləri ərəb küçələrində Qərb dövlətlərinə qarşı tənqidi mövqelərin artmasına səbəb ola bilər.

"Bu isə həm ictimai rəyin, həm də siyasi dairələrin reaksiyalarında öz əksini tapa bilər. Eyni zamanda, hadisə regional güclərin – xüsusilə də İran və Türkiyənin mövqelərində yeni ritorika doğura bilər. Böyük ehtimalla, ərəb dövlətləri rəsmi olaraq daha çox diplomatik bəyanatlarla kifayətlənəcək, amma ictimai narazılıq güclənə bilər. Bu, küçə etirazlarından tutmuş media ritorikasına qədər fərqli müstəvilərdə özünü göstərə bilər. Lakin genişmiqyaslı münaqişə riski hələ ki, yüksək görünmür, çünki əsas oyunçular birbaşa qarşıdurmadan yayınmağa çalışır".

Politoloq onu da vurğuladı ki, ən böyük təhlükə, gərginliyin Qəzza və Qərb Sahili ətrafında yenidən silahlı toqquşmaları artırmasıdır:

"Çünki belə əməliyyatlar Həmas tərəfdarlarının motivasiyasını gücləndirə və bölgədə yeni zorakılıq dalğasına yol aça bilər. Digər tərəfdən, hadisə regiondakı sülh təşəbbüslərinin zəifləməsinə və tərəflərin bir-birinə inamının daha da sarsılmasına səbəb ola bilər.

Ümumilikdə, əməliyyatların ardıcıllığı və miqyası bölgədə strateji balansı dəyişdirməsə də, siyasi psixologiyanı kəskinləşdirir. Bu isə diplomatik proseslər üçün əlavə çətinliklər yaradır və regionda sabitliyin qırılma nöqtəsini yaxınlaşdırır. Nəticə etibarilə, hadisə genişmiqyaslı münaqişəyə çevrilməsə də, Yaxın Şərqdə daha gərgin, etimadsız və parçalanmış bir mühit formalaşdırır".

Vüsalə İbrahimli

Seçilən
7
sonxeber.az

1Mənbələr