Bakı, 10 sentyabr, AZƏRTAC
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının açılışında Prezident İlham Əliyevin müraciəti bu tədbirin nə dərəcədə vacib olduğunun təsdiqidir. Forum çərçivəsində biz xalqlarımız arasında münasibətlərin və əməkdaşlıqların möhkəmlənməsinə zəngin töhfələr verdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının bağlanış mərasimində Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun prezidenti Çen Dongxiao deyib.
O qeyd edib ki, qeyri-mümkün görünən missiya bu forumda reallaşıb. “Mənim üçün burada iki əsas məqam ön plana çıxdı. Birinci məqam, bizim hamımız, bütün maraqlı tərəflər, o cümlədən AQEM-in üzv dövlətləri gələcəkdə də təşkilatın vacib layihələrini davam etdirməliyik. Bu layihələr maliyyə sahəsindən tutmuş iqlim dəyişikliyi, texnologiya, xalqlar arasında əlaqələr və digər istiqamətlərə qədər geniş spektri əhatə edir. Xüsusən də dayanıqlı təhlükəsizlik prinsiplərinin həyata keçirilməsi olduqca vacibdir.
İkinci məqam isə biz daha inklüziv və daha innovativ olmalıyıq. Uzunmüddətli vizyon formalaşdıraraq, daim dəyişən texnoloji mühitə uyğunlaşmalıyıq. Çünki çoxqütblülüyün sürətlə artdığı, geosiyasi gərginliklərin yüksəldiyi və yeni, naməlum çağırışların ortaya çıxdığı bir dövrdə yaşayırıq”, - deyə Çen Dongxiao vurğulayıb.
O əlavə edib ki, bu forumda məhz həmin mürəkkəbliklərə toxunulub, yeni yanaşma yolları və konkret ideyalar irəli sürülüb: “Düşünürəm ki, biz bu platformanı daha da gücləndirməli, əməkdaşlığımızı daha açıq şəkildə davam etdirməliyik. Çünki bu forum yalnız AQEM üçün deyil, bütün regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır”.