Araşdırmalar göstərir ki, payız fəsli ilk qədəmlərini qoyar-qoymaz təxminən hər 5 nəfərdən birində depressiya, özünə qapanma və ya müxtəlif psixoloji hallar müşahidə olunur. Psixoloqlar bu vəziyyəti adətən “payız depressiyası” və ya “mövsümi affektiv pozuntu” adlandırırlar.
İnsan orqanizmi təbiətlə sıx bağlıdır və mövsümlərin dəyişməsi bədənin bioloji ritmlərinə, hormonların fəaliyyətinə, hətta gündəlik əhval-ruhiyyəyə güclü təsir göstərir.
Mütəxəssislərin fikrincə, payız depressiyasının yaranmasının bir neçə əsas səbəbi var. Onlardan biri yay tətilindən sonra adaptasiya çətinliyidir. Məlumdur ki, yay fəsli insanların ən çox istirahət etdiyi, təbiət qoynunda dincəldiyi, gündəlik qayğılardan bir qədər uzaqlaşdığı dövrdür. Lakin payız gələndə iş rejiminə qayıdış, təhsil mövsümünün başlaması, yenidən məsuliyyətlərin artması insan psixikasına təzyiq göstərir. Bir çoxları əvvəlki həyat ritminə adaptasiya ola bilmir, nəticədə 2-3 həftə ərzində istəksizlik, diqqət dağınıqlığı, səhərlər yorğun oyanmaq, gün ərzində pessimizm, əsəbilik və enerji azalması müşahidə olunur.
Bəs payız depressiyasından necə qurtulmaq olar?
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a danışıb.
O qeyd edib ki, payız aylarında depressiya hallarının artması psixoloji mexanizmlərlə bağlıdır:
“Günəş işığının azalması orqanizmdə hormon balansını dəyişir və bu, beyində əhvalı tənzimləyən proseslərə təsir göstərir. Nəticədə yorğunluq, ümidsizlik, özünə qapanma və maraqların itməsi müşahidə olunur. Belə vəziyyətdə ən çox rast gəlinən hal sosial təcriddir. İnsan özünü pis hiss etdikdə tənhalığı seçməyə üstünlük verir, amma bu addım depressiv əhvalı gücləndirir. Sosial münasibətlər və ünsiyyət isə əksinə, qoruyucu rol oynayır. Başqaları ilə təmas insanın öz vəziyyətinə kənardan baxmasına imkan yaradır, çünki dəstək və paylaşım neqativ təhrifləri zəiflədir.
Bu dövrdə avtomatik neqativ düşüncələr daha çox üzə çıxır. Depressiv insan çox vaxt mən bacarıqsızam, heç kimə lazım deyiləm kimi sərt hökmlərə inanır. Halbuki bu, reallığın təhrif olunmuş formasıdır. Belə fikirləri fakt kimi qəbul etmək əvəzinə özünə sual vermək faydalıdır. Mənim bu düşüncəm hansı əsasa dayanır, hissin təsiridirmi, yoxsa reallıqdır. Bu yanaşma fikirlərin təsir gücünü azaldır və insana daha obyektiv baxış qazandırır. Psixoloji sağlamlığı dəstəkləmək üçün gündəlik həyat tərzində tarazlıq da vacibdir. Sağlam qidalanma, vitaminlərlə zəngin meyvə və tərəvəzlər, kifayət qədər su qəbul etmək və yeddi səkkiz saatlıq yuxu beyində emosional sabitliyi gücləndirir. Kiçik fiziki aktivlik də psixoloji durumun stabilləşməsinə kömək edir”.
Rövşən Nəcəfov bildirib ki, əgər vəziyyət uzun sürür və gündəlik fəaliyyətə ciddi təsir edirsə, psixoloq və ya psixiatrla görüşmək zəruridir:
“Bu, zəiflik əlaməti deyil, sağlamlığa düzgün yanaşmanın göstəricisidir. Necə ki, fiziki narahatlıq zamanı həkimə müraciət edirik, eyni yanaşma psixoloji çətinliklər üçün də keçərlidir. Payız depressiyası əslində psixikanın mövsümi dəyişikliklərə verdiyi reaksiyadır. İnsan bu reaksiyanı tanımağı bacardıqda, sosial əlaqələrini qoruduqda və düşüncələrini sorğuladıqda vəziyyəti daha asan idarə edir”.
Xalidə Gəray
Musavat.com