Son günlərdə Azərbaycan futbolunda yaşanan fiaskoların sonu DÇ-2026-nın seçmə mərhələsində ilk xalımızı qazanmaqla nəticələndi. İslandiyaya qarşı 5:0 hesablı məğlubiyyətə qədər və sonra yaşananları günbəgün təqdim edirik.
1 sentyabr
Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin D qrupu üzrə ilk oyunlara hazırlığı sentyabrın 1-də Bakıda keçirilən məşqlə start götürdü. İlk məşq günündə yalnız Mahir Emreli iştirak etmədi.
2 sentyabr
Baş məşqçi Fernandu Santuş yığmanın Bakıdan -4 saat fərqi və 7 saatdan çox uçuş müddəti olan İslandiyaya uyğunlaşması üçün daha tez yollanmaq qərarı vermişdi. Bunun əsasında milli komanda, məşqçi heyəti, AFFA nümayəndələri və idman jurnalistləri sentyabrın 2-də Reykyavikə yola düşdü. M.Emreli də həmin gün İslandiyanın paytaxtında kollektivə qoşuldu və bütün komanda bir araya gəldi.
3 sentyabr
A milli komandanın Reykyavikdə ilk məşqi baş tutdu.
4 sentyabr
Milli komandamızın baş məşqçisi Fernandu Santuş və Emin Mahmudov media önünə çıxdı. Portuqaliyalı çalışdırıcı “İslandiyada qələbə qazanmağa, Azərbaycana qələbə ilə qayıtmağa çalışacağıq. Biz yalnız tarix yazmaq istəyirik”, fikirlərini səsləndirdi.
Ardınca yığmanın mətbuat üçün açıq məşqi keçirildi. Məşqdən öncə Rəhman Daşdəmirov jurnalistlərin suallarını cavablandırdı. Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayevin brifinqi baş tutdu. “Komanda qarşısında tələbimiz yoxdur, özlərindən tələb etməlidirlər. Pis fikir formalaşsa idi, Fernandu Santuş burda olmazdı”, deyə baş katib açıqlamalar verdi.
5 sentyabr
Yığmamız DÇ-2026-ya vəsiqə qazanmaq uğrunda mübarizəsinə Reykyavikdə start verdi. İslandiya - Azərbaycan matçında birinci hissəyə minimal hesabla (1:0) geridə yollandıq, 73-cü dəqiqədə artıq hesab 5:0 idi. Hesab 4:0 olduqda Avropadan yığmaya dəstək olmağa gəlmiş “Milli Dəstə” azarkeş qrupu tribunanı tərk etdi.
5-ci topdan sonra AFFA-nın baş katibi C.Fərəcullayev media zonasına endi, oyun bitəndən sonra dərhal jurnalistlərə açıqlama verdi: "Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik".
Fernandu Santuş mətbuat konfransından:
– Karyeranızda heç istefa vermisiniz? – Xeyr. – Bəs indi istefa verməyi düşünürsünüz? – Xeyr. İstefa verməyiniz üçün səbəb nə olmalıdır? – Müqaviləm var. – Kifayət qədər pulunuz var. Mütləq təzminat ödənilməlidir ki, gedəsiniz? Özünüzə hörmət etmirsiniz? – Mənim müqaviləm var.
Kapitan Emin Mahmudovun jurnalistlərə açıqlaması: “Bu nəticədə hamı günahkardır. Hamı utanır, hər kəs daha yaxşı olmasını istəyirdi. Belə biabırçılıq bir də olmamalıdır”.
6 sentyabr
Milli komanda Bakıya döndü.
7 sentyabr
Nəriman Axundzadə zədə səbəbindən heyətdən çıxarıldı.
8 sentyabr
Ukraynaya qarşı oyundan əvvəl mətbuat konfransı və açıq məşq keçirildi. Milli komandanın baş məşqçisi Fernandu Santuşun vəzifəsindən azad edildiyi baş katib C.Fərəcullayev tərəfindən açıqlandı. Mətbuat önünə məşqçi Rəşad Eyyubov və futbolçu Mahir Emreli çıxdı. Komandanı oyuna U-21 yığmamızın baş məşqçisi Ayxan Abbasovun çıxarması qərarı verildi, U-21 yığmamız Elnur Çodarova tapşırıldı.
Yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandasının heyətinə qoşuldular, onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb olundular.
9 sentyabr
Oyun günü. Əvvəlcə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində U-21 yığmamız Mərdəkanda 1:1 hesablı heç-heçə etdi. DÇ-2026-nın seçmə mərhələsi üzrə Azərbaycan – Ukrayna oyununda da eyni hesab qeydə alındı: 1:1. Emin Mahmudov milli komanda karyerasında 15-ci qolu vuraraq, yığmanın bombardiri oldu və Qurban Qurbanovun rekordunu geridə qoydu.
Oyundan sonra Ayxan Abbasov mətbuat konfransında milli komandanı çalışdırmağa hazır olduğuna eyham vurdu: “3 yer çətindir, amma 2 yer problem deyil”.
***
Beləliklə, Ayxan Abbasovlu milli komanda Ukraynadan 1 xal qoparmağı bacardı. Böyük oyun yox idi, indiki halda 1 günlük baş məşqçi ilə bu, sadəcə mümkün deyildi. Matçın statistikasında rəqibin açıq-aşkar üstünlüyü var. Bu oyunda yığma komandamız sadəcə 4 gün əvvəlki millidən üstün oldu. "Odlar və buzlar ölkəsi"ndə 0:5 hesabı ilə məğlub olan futbolçularımız Azərbaycanda da biabırçı nəticə göstərsəydilər, yəqin ki, oddan qurtula bilməzdilər. Okeanın ortasında yanan isə Fernandu Santuş oldu. Futbol üzrə milli komandamızda keçirdiyi 11 oyunun 9-da məğlub olan, qələbə üzü görməyən, komandanı Millətlər Liqasında ən sonuncu - D Liqasına yuvarladan baş məşqçidən söhbət gedir. Bütün Azərbaycanı ələ salan, 0:5-dən bir gün əvvəl "biz yalnız tarix yazmaq istəyirik" deyən bu Avropa çempionu ölkə tarixinin ən yarıtmaz əcnəbi baş məşqçisi oldu. Təzminatını cibinə qoyub getdi, amma heç olmasa, peşəsinə xəyanət etməyin bədəlini Reykyavikdə mətbuat konfransında ödədi.
Ukraynaya qarşı oyunda heç-heçəni tam olaraq Ayxan Abbasovla əlaqələndirmək olmaz, lakin onun gəlişi ilə dəyişən ab-havanı görməzdən gəlmək mümkün deyil. Gənc futbolçularla işləməyi bacaran, getdiyi komandalarda səliqə-sahman yaratmağı bilən 44 yaşlı mütəxəssisin U-21-də hələ ki, bir qədər yolu vardı. Oda atılsa da, yanmadan çıxmağı bacardı. Özü də konfransdan sonra milli komandanı çalışdırmaq istədiyini üstüörtülü dilə gətirdi. Odur ki, illərdir yadellilərin at oynatmağa çalışdığı meydanda Ayxan Abbasova futbol oynatmağa imkan vermək lazımdır.