AZ

İsrailin Qətərə hücumu: atəşkəs müzakirəsi bitir

İsrailin

HƏMAS Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün girovların azad olunması ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu bəyan edib.

“HƏMAS dərhal danışıqlar masasına oturmağa və bütün girovların azad olunması qarşılığında müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxması və orada dərhal fəaliyyətə başlayacaq müstəqil Fələstin hökumətinin formalaşdırılması məsələlərini müzakirə etməyə hazırdır” deyə bəyanatda qeyd olunub.

Lakin İsrail sentyabrın 9-da Qətərin paytaxtı Dohaya aviazərbələr endirib. Al Jazeera və beynəlxalq agentliklərin məlumatına görə, zərbələrin əsas hədəfi şəhərdə yerləşən HƏMAS rəhbərliyi olub.

Bütün bunların fonunda İsrail ilə HƏMAS arasında atəşkəs mümkün ola bilərmi?

“Xalq Cəbhəsi” məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

“Bu, əvvəlki bəyanatlardan daha konkret və ciddidir”

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu söyləyib ki, bu dəfə Tramp bəyanatlarında atəşkəs və girovların azad olunmasına yönəlik daha konkret və aktiv bir plan təqdim etmiş görünür: “7 sentyabr 2025-ci il tarixində Tramp jurnalistlərə "Qəzzada çox tezliklə razılaşma əldə ediləcəyini" bildirib, “İsrail mənim şərtlərimi qəbul edib, indi sıra HƏMAS-dadır” deyərək, bu, onun “son xəbərdarlığıdır” ifadəsi ilə gücləndirib. O, təklif edib ki, bütün girovlar (təxminən 48 nəfər) ilk atəşkəs günündə azad olunsun, əvəzində fələstinli məhbuslar həbsxanadan azad edilsin və atəşkəs müddətində danışıqlar başlasın. İsrail tərəfi bu təklifi “çox ciddi şəkildə nəzərdən keçirdiyini” bildirib, lakin hələ rəsmi təsdiq verilməyib. Göründüyü kimi, Tramp bu dəfə atəşkəs prosesinə faktiki təkliflə və diplomatik vasitələrlə daxil olur - bu, əvvəlki bəyanatlardan daha konkret və ciddidir”.

“İsrailin HƏMAS-ın șərtlərinə razılıq verəcəyi inandırıcı görünmür”

V.Zifəroğlu əlavə edib ki, HƏMAS isə müəyyən şərtlərlə danışıqlara hazır olduğunu ifadə edir, amma onun reallașacağına dair şübhələr hələ qalır: “HƏMAS ABŞ vasitəsi ilə edilən təklifləri aldığını və “danışıqlar masasına dərhal qayıtmağa hazır olduğunu” bildirib. Onlar bütün girovların azad olunması, müharibənin bitirilməsi üçün qəti bəyanat və İsrailin Qəzzadan tam çəkilməsi tələbini təkrarlayıblar. Həmçinin müstəqil Fələstin komitəsinin idarəçiliyinə dair təşəbbüsləri müdafiə edirlər. HƏMAS bu dəfə də real seçim imkanlarına bağlı olaraq danışıqlara açıqdır. Lakin onun məqsədləri (girovların tam azad olunması, İsrailin çıxması və s.) İsrail üçün qəbul edilməz ola bilər və buradan “danışıqlara hazırlığ”ın yalnız taktiki addım olması dəyərləndirilə bilər. Lakin İsrailin HƏMAS-ın bu șərtlərə razılıq verəcəyi inandırıcı görünmür. Netanyahu hökuməti hələki yalnız bütün girovların azad edilməsi, HƏMAS-ın silahsızlaşdırılması və Qəzzada İsrail üçün təhlükəsizlik təminatının yaradılması ilə müharibənin bitəcəyini bildirir”.

“Rəsmi razılıq verilməyib”

Ekspertin sözlərinə görə, bütün bu məqamlar isə qarıșıq mənzərə yaratmaqdadır, Tramp irəli sürdüyü modelin hal-hazırda real variant olduğunu bildirir: “İsrail dəyərləndirir, amma rəsmi razılıq hələ verilməyib. HƏMAS-dan gələn açıqlamalar konstruktivdir, amma keçmişdə əldə edilmiș razılaşmalara əməl edilməməsi təcrübəsi narahatlıq doğurur. Münaqișənin real olaraq dayandırılması üçün qarşı tərəflərin həm ideyaları, həm də tələbləri birləşdirəcək ortaq məxrəcə ehtiyac var - bu isə indiyədək mümkün olmayıb”.

“İsrail HƏMAS-ın tamamilə məhvini reallaşdırmaq istəyir”

Siyasi şərhçi Aqşin Kərimov qeyd edib ki, İsrailin Qətər ərazisinə misli görünməmiş hücumu İsrailin Qəzza şəhərini tamamilə tutmağa hazırlaşdığı zamana təsadüf edir: “İsrail HƏMAS-ın tamamilə məhvini reallaşdırıb Yaxın Şərqdəki prosesləri öz nəzarəti altına keçirməyi hədəfləyir. HƏMAS tamamilə sıradan çıxsa, bu, İranla bərabər, Türkiyə üçün də strateji çətinliklər yarada bilər. Ancaq HƏMAS Türkiyə üçün son nəticə deyil və dərin dövlətçilik tarixi olan Türkiyə hər an üçün çevik strategiya hazırlamaq gücündədir. Görünür ki, Türkiyənin HƏMAS-a dəstəyi onun Suriyadan sonrakı proseslərin məntiqi davamını Fələstində tamamlamağı üçün məqsəddir. Bu isə İsraillə Türkiyəni toqquşduran məqamdır. İran onsuz da Yaxın Şərqdə zəif bənddir, üstəlik Livan hakimiyyətinin Hizbullahı tərksilah etmək planını təsdiqləməsi ilə İran daha da zəif vəziyyətə düşür. İranın proseslərdən uzaqlaşması ilə yaranan strateji boşluqları Türkiyə doldurur”.

“Atəşkəs mümkünsüz görünür”

A.Kərimovun bildirdiyinə görə, ABŞ ilə Türkiyənin birlikdə hərəkət etmək planları isə intensivəşdikcə, İsrail bundan çəkinməyə başlayır: “Hərçənd ki, Yaxın Şərqdə Türkiyə və ABŞ-nin strateji maraqları fərqli meyarlara söykənir. Lakin ehtimal var ki, ABŞ Yaxın Şərqdə kürd silahlı dəstələri ilə bağlı planını dəyişsin. Bu, Suriya və İraqda Türkiyəyə qarşı silahlı müqavimət göstərən PKK filiallarının sonunu gətirəcək hadisədir. Türkiyə PKK-nın ləğvi kontekstini Suriya və İraqda tamamlasa, bu, onun strateji qələbəsinin davamını Fələstin münaqişəsində axtarmasına gətirib çıxaracaq. Bu mənada Türkiyənin HƏMAS-a dəstək mexanizmlərinin strateji qollarını həmin proseslərdəki səbəblərdə axtarmaq lazımdır. Bunların nəticəsində HƏMAS ilə İsrail arasında daimi və həqiqi atəşkəsin əldə edilməsi mümkünsüz variant kimi görünür. Üstəlik, iki tərəfin ideoloji yanaşmalarındakı radikallıq nümunələri də hərbi eskalasiyanın davam etməsinə təkan verir. İsrail buna görə də, HƏMAS-ı tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub, lakin burada geosiyasi tərəflərlə bərabər, hərbi çətinliklər də üzə çıxır. HƏMAS-ın İsrailə qarşı silahlı müqavimət potensialı sıradan çıxmayıb. Bu da onun hərbi cəhətdən təşkilatlana bilmək qabiliyyətinin zəif olmadığını göstərir. Buna baxmayaraq HƏMAS İsrail qarşısında zəif bənddir. HƏMAS-a verilən logistika və maliyyə dəstəklərinin aradan qalxacağı təqdirdə, təşkilatın gündəmi ləğv prosesi ilə silkələnəcək”.

“Buna çox da arxayın olmaq olmaz”

Politoloq Samir Hümbətov deyib ki, 1948-ci ildən bu yana İsrail ilə FƏTH, HƏMAS, Hizbullah arasında dəfələrlə müharibə, qarşıdurma olub, qan tökülüb və ardınca da atəşkəs olub: “Bir müddət keçəndən sonra bu, yenə təkrar olunub. Bir müddət keçib bir də təkrar olunub. Yəni bu, o qədər adiləşib ki, atəşkəsin davamlı olmağı məsələsinin özü sual altındadır. Buna çox da arxayın olmaq olmaz”.

“Bu, sual altındadır”

S.Hümbətov əlavə edib ki, indi HƏMAS-ın əlində israilli əsirlər var, eyni zamanda, İsrailin əlində də fələstinli əsirlər var: “Əsas məqsəd də onları dəyişdirmək, həmçinin atəşkəslə bir yerə nail olmaq, blokadanı aradan qaldırmaq və s. məsələlərdir. Amma söylədiyim kimi, bir məsələ var ki, bu atəşkəs uzunömürlü olacaqmı? Bu, sual altındadır. Müstəqil Fələstin dövlətinin yaranmasına qaldıqda isə orada ərazi qalmayıb. Yəni 1967-ci il sərhədlərinə qayıdış məsələsi var və orada şərtlər də var. O şərtlərə də hələki İsrail tərəfi də, Fələstin tərəfi də riayət etmir. Ona görə də bu məsələdən danışmaq məncə tezdir. Fələstini müstəqil dövlət olaraq dövlətlərin əksəriyyəti tanıya bilərlər, hətta Fransa, Böyük Britaniya və s. dövlətlər tanıya bilərlər, amma bunun nə dərəcədə effektiv olacağı sual altındadır”.

Röya İsrafilova

Seçilən
1
2
xalqcebhesi.az

5Mənbələr