AZ

Azərbaycan ixrac startapının uğur hekayəsi: Xarici bazarlarda uğur qazanma amilləri

Azərbaycan startapları innovativ məhsulları, peşəkar idarəetmə yanaşmaları və dövlət dəstəyi sayəsində xarici bazarlarda uğur qazanır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Finss.az-a açıqlamasına görə, startap fəaliyyəti ənənəvi sahibkarlıqdan bir sıra xüsusiyyətləri ilə fərqlənir:

“Startap fəaliyyəti ənənəvi sahibkarlıqdan bir sıra xüsusiyyətləri ilə fərqlənir. Startapın əsas məqsədi innovativ və texnoloji həllərə əsaslanan məhsulu yeni və sürətlə dəyişən bazarlara təqdim etməkdir. Startap fəaliyyətini fərqləndirən cəhətlərdən biri qarşıda olan qeyri-müəyyənlik və risklərdir, çünki uğurla yanaşı, uğursuzluq da ola bilər. Startapların maliyyəşməsi də fərqlidir - vençur kapitalı, akseleratorlar, mələk investorlar və s. Bütün bu biliklərə malik olmaq, riskləri doğru idarə etmək, eləcə də startap məhsulunun xüsusiyyətinə uyğun olaraq onu bazara təqdim edə bilmək uğura apara bilər.”

Agentlikdən bildirilib ki, Azərbaycan startaplarının xarici bazarlarda uğur qazanması üçün bir sıra əsas amillər mövcuddur:

“Azərbaycan startaplarının xarici bazarlarda uğur qazanması, qeyd olunanlarla yanaşı, həmçinin, onların təqdim etdiyi məhsulların texnoloji yönümlü olması, yeni həllərin mövcudluğu ilə bağlıdır. Bu, beynəlxalq auditoriyanın maraq dairəsinə daha sürətli daxil olmağa imkan yaradır. Təbii ki, burada marketinq komandasının rolu da böyükdür. Xarici bazarın standartlarına uyğunluğun və rəqabətədavamlılığın doğru qiymətləndirilməsi, spesifik tələblərin öyrənilməsi, düzgün seqmentləşdirmə vacib amillərdəndir.”

Dövlət dəstəyinin əhəmiyyəti və qlobal miqyasda startapların inkişafına təsiri də vurğulanır:

“Qeyd olunanlarla yanaşı, təbii ki, dövlət dəstəyi də burada önəmlidir. İnvestorların cəlb edilməsi və startapların müxtəlif inkubasiya-akselerasiya proqramlarında iştirakına dəstək qlobal miqyasda startapların bazara daxil olmasına və inkişafına zəmin yarada bilər. Beynəlxalq tərəfdaşlıqların qurulması və şəbəkələşmə imkanlarının genişləndirilməsi isə yeni bazarlara çıxışı asanlaşdırır. Nəticə etibarilə, həm innovativ məhsul, həm də peşəkar idarəetmə yanaşması bu gün Azərbaycan startaplarının xarici bazarlarda uğurunu təmin edən əsas amillər qismində çıxış edir.”

KOBİA həmçinin sərgilərdə startapların təqdimatının strategiyasına diqqət çəkir:

“İT və digər sahələrdən olan startapların beynəlxalq sərgilərdə effektiv təqdimat etməsi üçün təkcə texnoloji məhsulu nümayiş etdirmək kifayət etmir, həm də onu düzgün strategiya ilə təqdim etmək tələb olunur. İştirakçının diqqətini ilk anda cəlb etmək üçün interaktiv demo versiyalar, mobil tətbiqlərin işlək nümunələri və innovativ onlayn platformaların canlı təqdimatları böyük üstünlük yaradır. Bundan başqa, komanda üzvlərinin yaxşı ünsiyyət bacarıqları və beynəlxalq bazar haqqında məlumatlı olmaları təqdimatın keyfiyyətini yüksəldir. Sərgilərdə yalnız məhsul tanıtmaq deyil, həm də potensial tərəfdaşlarla dialoq qurmaq və əməkdaşlıq təkliflərini irəli sürmək vacibdir. Əlavə olaraq, sosial şəbəkələr və media kanalları vasitəsilə sərgidə iştirakın işıqlandırılması startapın tanınmasını daha da genişləndirir. Belə yanaşma sayəsində yerli startaplar beynəlxalq səviyyədə rəqabətədavamlı imic formalaşdıra bilirlər.”

Beləliklə, KOBİA-nın məlumatına görə, innovativ məhsul, peşəkar idarəetmə, dövlət dəstəyi və düzgün strategiya Azərbaycan startaplarının ixrac bazarında uğur qazanmasında əsas amillər kimi çıxış edir.

Fuad Mədətov
Finss.az

Seçilən
4
fins.az

1Mənbələr