AZ

Rusiya XİN: İsrailin Dohaya zərbəsi beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulmasıdır

Rusiya İsrailin Dohaya endirdiyi zərbəni beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohanın yaşayış massivində Fələstinin HAMAS rəhbərliyinin yüksək rütbəli üzvlərinin olduğu bildirilən binalara bir sıra hava zərbələri endirib. Daxil olan məlumata görə, hücum zamanı Qətər Daxili İşlər Nazirliyinin əməkdaşı da daxil olmaqla 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"Rusiya hadisəni beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması, müstəqil dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinə və sabitliyinin pozulmasına aparan addım kimi qiymətləndirir.

İsrailin öz düşməni və əleyhdarlarına qarşı hesab etdiyi bu cür mübarizə üsulları ən sərt qınaqlara layiqdir.

Eyni zamanda, Qəzza zolağında iki ilə yaxındır davam edən müharibənin dayandırılması və məhbusların azad edilməsi üçün HAMAS və İsrail rəhbərliyi arasında aparılan dolayı danışıqlarda əsas vasitəçi rolunu oynayan ölkə Qətərə raket hücumu, sülh yolu ilə həll tapmaq üçün beynəlxalq səylərə zərbə vurmaqdan başqa bir şey kimi qəbul edilə bilməz.

Bununla əlaqədar Moskva bir daha bütün iştirakçı tərəfləri məsuliyyətli yanaşma nümayiş etdirməyə və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin pisləşməsinə gətirib çıxara biləcək və siyasi nizamlama axtarışlarını çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır. Rusiya Qəzza zolağında tezliklə atəşkəsin əldə olunmasının zəruriliyi və Fələstin probleminin məlum beynəlxalq hüquqi əsaslarla hərtərəfli həllinə alternativlərin olmaması ilə bağlı prinsipial və ardıcıl mövqeyini bir daha təsdiqləyir", Rusiya XİN-nin bəyanatında qeyd bildirilib.

Seçilən
1
1
apa.az

2Mənbələr