AZ

Azərbaycan millisinin futbolçusu: Ukrayna ilə oyun göstərdi ki, biz bu cür komandalara qarşı mübarizə apara bilərik

Bakı, 10 sentyabr, AZƏRTAC

İslandiya yığmasına məğlubiyyətdən sonra bu matça köklənmək çətin idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev DÇ-2026-nın seçmə mərhələsinin II turunda doğma meydanda Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O, layiqli bir xal qazandıqlarını bildirib: “Ukrayna ilə matçdan əvvəl xal qazanacağımıza inanırdıq. Komanda yoldaşlarım əzmkar mübarizə apardılar”.

24 yaşlı yarımmüdafiəçi yığmanın sabiq baş məşqçisi Fernandu Santuş və bu vəzifəyə müvəqqəti təyin olunan Ayxan Abbasov haqqında da danışıb: “Desəm ki, Santuşun vaxtında millidə özünəinam yox idi, yalan olar. Sadəcə, İslandiya ilə qarşılaşmada heç nə alınmadı. Ayxan Abbasov da qısa müddət ərzində nəsə etməyə çalışdı. Ona da təşəkkür edirəm”.

C.Nuriyev əldə etdilkləri bir xalın komandaya qarşıdakı görüşlərdə stimul verəcəyini söyləyib: “Həqiqətən də bu xal bizə çox vacib idi. Deyərdim ki, yığma burada qazandığı nəticə ilə digər rəqiblərə qarşı da yaxşı səviyyədə oynaya bilər. Ukrayna ilə matç göstərdi ki, biz bu cür komandalara qarşı mübarizə apara bilərik”.

Qeyd edək ki, D qrupunda yer alan Azərbaycan millisi 1 xalla sonuncu – dördüncü yerdə qərarlaşıb.

Seçilən
5
2
azertag.az

3Mənbələr