AZ

Banqladeş təmsilçisi: AQEM çox müstəsna təşkilatdır

Bakı, 10 sentyabr, AZƏRTAC

Mənim üçün AQEM çox müstəsna beynəlxalq təşkilatdır. Çünki indiyədək bu qədər müxtəlif sahələrdən mütəxəssisləri bir araya gətirən başqa bir təşkilat görməmişəm. Ən çətin çağırışları belə fürsətə çevirmək bacarığı AQEM-i xüsusi edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Beynəlxalq təşkilat kimi AQEM - transformasiya və institusional potensialın artırılması” mövzulu iclasında Banqladeş Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Mohammad Ashique Rahman deyib.

O qeyd edib ki, hazırda dünya çoxsaylı problemlərlə, münaqişələrlə üz-üzədir. Bəzi regionlar aktiv münaqişə zonalarına çevrilə bilər. Bu səbəbdən belə bir Forumun keçirilməsi böyük əhəmiyyət daşıyır.

“Biz mexanizmlər formalaşdırmalıyıq. AQEM uzun müddətdir ki, institusional formalaşma istiqamətində tədbirlər həyata keçirir. Lakin bundan sonra daha innovativ olmalı, güclü struktur yaratmalıdır. Əsas problemlərdən biri maliyyələşmədir. Regional funksiyaların yerinə yetirilməsi üçün davamlı maliyyə mexanizmləri qurulmalıdır. Bununla yanaşı, siyasi diplomatiya müxtəlif səviyyələrdə çox vacibdir. Təəssüf ki, üzv dövlətlərin sıravi vətəndaşları bu təşkilatların fəaliyyətindən çox vaxt xəbərsizdir. Bu vəziyyəti dəyişmək üçün maarifləndirmə və məlumatlandırma işləri aparılmalıdır”, - deyə Mohammad Ashique Rahman bildirib.

O, AQEM-in gəncləri prosesə cəlb etməli olduğuna diqqət çəkərək vurğulayıb: “Asiya dövlətlərində kifayət qədər istedadlı gənclər var və biz onların potensialından yararlanmalıyıq. Əsas məqsədimiz beynəlxalq dəyərlərə hörmət əsasında daha yaxşı iş planı hazırlamaq, davamlı əməkdaşlıq mexanizmləri qurmaqdır. Tədqiqat mərkəzləri üçün də bu kimi forumlar qiymətli məlumat mənbəyi rolunu oynaya bilər. Nəticə olaraq deyə bilərəm ki, bizim üzərimizə düşən vəzifə həm əməkdaşlığı gücləndirmək, həm də davamlı inkişafı təmin edəcək mexanizmlər yaratmaqdır”.

Banqladeşli nümayəndə sonda Azərbaycana ilk dəfə səfəri etdiyini diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycan sanki gizli mücəvhərə bənzəyir.

Seçilən
1
azertag.az

1Mənbələr