AZ

Qonşuda xərçəngə qarşı peyvənd hazırdır - biz də gətirəkmi... 

“Həyat göstərdi ki, o peyvəndlər lazım deyil, bunlar da... ” - tanınmış onkoloqdan xəbərdarlıq 

Rusiya mRNT əsaslı xərçəng peyvəndi olan “Enteromiks”in hazır olduğunu elan edərək, xərçəngin müalicəsində inqilabi addım atıb. Hafta.az-ın yazdığına görə, Federal Tibbi-Bioloji Agentliyin (FMBA) direktoru Veronika Skvortsova “İzvestiya” qəzetinə bildirib ki, peyvənd klinikadan əvvəlki sınaqları uğurla başa vurub, təhlükəsizliyi və yüksək effektivliyini nümayiş etdirib.

Skvortsova bildirib ki, “Enteromiks” peyvəndi şişlərin ölçüsünü azaltmaq və böyüməsini yavaşlatmaq qabiliyyətinə malikdir. Peyvənd hər bir xəstə üçün xüsusi hazırlanacaq və fərdin RNT strukturuna uyğunlaşdırılacaq. Bu fərdi yanaşma peyvəndin effektivliyini artırmaq, yan təsirləri minimuma endirmək üçün vacibdir.

Skvortsova FMBA-nın yayın sonuna qədər “Enteromiks” üçün klinik istifadə icazəsi almaq üçün lazımi sənədləri Rusiya Səhiyyə Nazirliyinə təqdim etdiyini bildirib. Nazirliyin təsdiqindən sonra vaksinin xərçəng xəstələrinə tətbiqinə başlanılması planlaşdırılır. Bu mərhələ peyvəndin rəsmi buraxılması istiqamətində son addım olacaq. “Enteromix” xərçəngin müalicəsində Rusiyanın mühüm nailiyyətlərindən biri hesab olunur.

Bu peyvəndlərin tətbiqi xərçəng xəstəliyindən əziyyət çəkənlərin həyatını xilas edəcəkmi? Azərbaycan Rusiyadan bu vaksinləri almaq üçün addım atmalıdırmı?

Qeyd edək ki, xərçəng əleyhinə peyvəndlər bir neçə növə bölünür: profilaktik (qoruyucu) və terapevtik (müalicəvi). Profilaktik peyvəndlər xərçəngə səbəb ola biləcək viruslardan qoruyur, terapevtik peyvəndlər isə artıq yaranmış xərçəng hüceyrələrinə qarşı immun sistemini gücləndirməyə çalışır.

Ən geniş istifadə olunan profilaktik peyvəndlərdən biri HPV (İnsan Papilloma Virusuna qarşı) peyvəndləridir. Bu peyvəndlər uşaqlıq boynu (serviks) xərçəngi, həmçinin boğaz, anus və digər HPV ilə əlaqəli xərçəng növlərinin qarşısını almağa kömək edir. Hazırda ən çox istifadə olunan HPV peyvəndləri Gardasil və Cervarix-dir. Bu peyvəndin yaxın gələcəkdə Azərbaycanda da pulsuz olacağı bildirilir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı deyib ki, Səhiyyə Nazirliyinin HPV vaksininin profilaktik peyvəndlər təqviminə daxil edilməsi istiqamətində işlər aparması ilə bağlı məlumatlıdırlır: "Biz Səhiyyə Nazirliyinin bu təşəbbüsünü bütün imkanlarımızla dəstəkləyirik. Çünki HPV peyvəndi qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv yoldur". 

Digər mühüm peyvənd Hepatit B virusuna qarşıdır. Hepatit B virusu qaraciyər xərçənginə səbəb ola bilər. Bu virus əleyhinə peyvəndin tətbiqi nəticəsində qaraciyər xərçəngi halları azalmışdır.

Müalicəvi peyvəndlər sahəsində isə hələlik tədqiqat mərhələsində olan bir çox preparatlar var. Bəzi terapevtik peyvəndlər melanoma (dəri xərçəngi), prostat xərçəngi və ağciyər xərçəngi kimi növlərə qarşı sınanır. ABŞ-də təsdiq almış ilk terapevtik xərçəng peyvəndi Sipuleucel-T (Provenge) adlanır və prostat xərçəngi üçün istifadə olunur. Bu peyvənd immun sistemini xərçəng hüceyrələrinə qarşı döyüşməyə təşviq edir.

Nəsimi Qasımov

Tanınmış onkoloq Nəsimi Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Mən də o peyvənd haqqında eşitmişəm. Ancaq hər hansı peyvəndin kütləvi tətbiqi xeyli vaxt çəkir. Gərək o, daha geniş miqyasda tətbiq oluna, effekti görünə, o, beynəlxalq konqreslərdə, beynəlxalq cəmiyyətlərdə qəbul edilə ki, bundan sonra bizim ölkədə də tətbiq edilə. Buna indidən birmənalı rəy vermək mənim üçün çətindir. İnanıram ki, Azərbaycanda onkoloqların hamısı üçün çətin olar. Mənə görə bunun haqqında danışmaq tezdir”. 

Həkim “Bəs uşaylıq yolu yolu xərçənginin qarşısını alan HPV peyvəndi nə qədər effektivdir” sualına da cavab verib: “Popiloma deyilən bir xəstəlik var, o, əsasən qadınların uşaqlıq boyu xərçənginin əmələ gəlməsində olurdu. Mən baş həkim işləyəndə yadımdadır, köhnə ombudsmanın vaxtında müzakirə olmuşdu. Uşaq yaşından başlayaraq 3 dəfə peyvənd olunması məsələsi var idi. O zaman Ombudsman bu məsələyə çox pis yanaşdı, dedi ki, biz qızlarımıza o peyvəndi vura bilmərik. Haqlı idi. Son dövrlər tez-tez dəbə minən preparatlar, vaksinlər var, amma bunlar sınanılmalıdır.  Uzaqgörənlik bir az çətindir. Amma uzaqgörən insanlar da var. Həyat göstərdi ki, o peyvəndlər lazım deyil. Ayrı-ayrı həkimlərimiz nə isə edirlər, ancaq gərək insanın özündə milli empatiya olsun. Xalq üçün, vətən üçün hər kəs öz oturduğu yerdə məsuliyyət daşımalıdır. Bu məsuliyyəti kifayət qədər ehtiyatla, bir az qorxaraq etmək lazımdır. Kiminsə nə isə etməyi yalnız özbaşınalıqdır. Ölkədə protokollar var. Bu protokola düşməyincə, Səhiyyə Nazirliyi bunu rəsmi surətdə təsdiq edib, ölkədə istifadəsinə icazə verib, müvafiq təşkilatları qərarını almadan heç bir həkim özbaşınalıq edə bilməz”. 

Nəsimi Qasımov, “az öncə protokollardan danışdınız, amma xərçəngin müalicəsində həmin protokol üzrə aparılan müalicələr də effektsizdir, 20 il əvvəl xəstələnənlərin sağalma ehtimalı daha çox idi. İndi bu xəstəlikdən ölüm sayı da, xəstələnənlər də çoxdur” sualına isə belə cavab verib: “İndi mən deyən məsələyə gəldiniz. Mənim 51 il stajım var. Sovet dövründə belə gecikmiş xəstəliklər yox idi. Müalicə xəstəyə çox ucuz başa gəlirdi. İndi mənim müalicə etdiyim xəstələrin 5 min manata yaxın xərci çıxır, hələ müalicə bitmir. Həm də nəticələri də ala bilmirik. Ona görə də biz hələ yaxşı nədir, pis nədir cavabını tapa bilmirik. Peyvənd məsələsinə də ehtiyatla yanaşmalıyıq”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
38
musavat.com

1Mənbələr