AZ

TAP əlavə qaz tədarükləri üçün ötürücülük qabiliyyətinin genişləndirilməsi üzrə işləri yekunlaşdırır

Transadriatik qaz kəməri əlavə 1,2 milyard kubmetr qazın təmin olunması üçün tələb olunan işlərin yekun mərhələsinə qədəm qoyur.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna TAP AG konsorsiumundan bildiriblər.

Konsorsiumda qeyd olunub ki, 2021-ci ildə keçirilmiş və 2023-cü ilin yanvarında başa çatmış bazar sınağının nəticələri əsasında illik 1,2 milyard kubmetr həcmində məcburi sifarişlər alınıb ki, bu da 1 yanvar 2026-cı il tarixinədək qaz kəmərinin ötürücülük qabiliyyətinin müvafiq şəkildə genişləndirilməsini öncədən nəzərə almağa imkan verib.

"Bura Yunanıstanın Türkiyə ilə sərhədinə yaxın ərazidə - Kipoi (Aleksandrupolis) bölgəsində yerləşən mövcud kompressor stansiyasında yeni kompressor aqreqatının (təxminən 15 MVt gücündə) quraşdırılması, həmçinin infrastrukturun müasirləşdirilməsi daxildir. Hazırda TAP qəbul olunmuş öhdəliklərə uyğun olaraq bu əlavə imkanların istismara verilməsini təmin etmək üçün işlərin yekun mərhələsinə qədəm qoyur",- TAP AG-də bildiriblər.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazı Avropaya nəql edir. 877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.

TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.

TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz), "Snam" (20 faiz), "Fluxys" (20 faiz), "Enagas" (20 faiz).

Seçilən
20
3
day.az

4Mənbələr