AZ

iPhone 17 qiymətləri nə qədərdir?

Apple şirkəti onlayn formatda keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində iPhone 17 smartfon seriyasını və nazik gövdəli iPhone Air modelini təqdim edib.

OLAY Technote-a istinadən yazır ki, iPhone 17 seriyasına adi model ilə yanaşı ənənəvi iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri daxil olublar. İlk növbədə iPhone 17 modelinə nəzər yetirək. Adi iPhone 17 modeli xarici görünüşcə keçən ilki iPhone 16 modelinə bənzəsə də, özündə aparat təminatı səviyyəsində bəzi yenilikləri birləşdirir. iPhone 16-da olduğu kimi yastı gövdə dizaynı, şaquli vəziyyətdə yerləşdirilmiş arxa kameralar və nisbətən kompakt ölçülü Dynamic Island ekran çıxıntısı. iPhone 17 modeli 2622x1206 piksel keyfiyyətli 6.3 düym ölçülü OLED ekranla təchiz olunub. Lakin iPhone 16-nın ekranından fərqli olaraq iPhone 17-nin ekranı sonunda 120 Hz-lik təsvir yenilənməsi dəstəyini əldə edib. Daha öncə bu özəllik yalnız iPhone Pro modellərində əlçatan idi.

iPhone 17-də ekranın təsvir yenilənməsi əks olunan kontentdən asılı olaraq dinamik şəkildə 1 Hz-dən 120 Hz-ə kimi dəyişəcək. Bundan əlavə bunun sayəsində ekran Always-on-Display funksiyasını dəstəkləyir. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 3000 nit-ə yüksəlib. Keçən ilki iPhone 16-da bu göstərici 2000 nit təşkil edir. Üstəlik ekran Ceramic Shield 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Şirkət bildirib ki, daha öncəki nəsil Ceramic Shield ilə müqayisədə Ceramic Shield 2 cızıqlara 3 dəfə daha dözümlüdür. Həmçinin smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. iPhone 17 smartfonu Apple A19 prosessoru vasitəsilə çalışır və 256/512 GB daxili yaddaş həcmini əldə edib. Şirkət bildirib ki, bu prosessor iPhone 16-dakı A18-dən 20% daha sürətlidir. Kameralar mövzusunda iPhone 17 özündə 48 MP + 12 MP ikili arxa kamera və 18 MP-lik ön kameranı birləşdirir.

 Şirkət bildirib ki, iPhone 17 eyni anda həm arxa həm də ön kamera vasitəsilə çəkiliş imkanını təqdim edir. Batareya mövzusuna gəldikdə iPhone 17 gün ərzində şarj olunmadan çalışa bilir. O, iPhone 16 ilə müayisədə 8 saat daha uzun müddət ərzində video izləmə rejimində çalışa bilir. 10 dəqiqəlik şarj prosesi isə smartfonun 8 saat ərzində video izləmə rejimində çalışmasına imkan verir. iPhone 17 19 sentyabr tarixində satışa çıxacaq və qiyməti 799$-dan start götürəcək. İndi isə keçək iPhone Air smartfonuna. Bu, Apple tarixinin ən nazik gövdəli iPhone modelidir. Bununla belə şirkət bildirib ki, iPhone Air modeli indiyənə kimi hazırlanmış bütün iPhone modellərindən daha dözümlü gövdəyə sahib olanıdır. iPhone Air-in gövdəsi titan materialdan hazırlanıb və gövdənin qalınlığı 5.6 mm təşkil edir. Cihazın çəkisi isə 165 qramdır.

 Smartfon həm ön həm də arxa paneldən Ceramic Shield 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2736x1260 piksel keyfiyyətli 6.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir və o, Always-on-Display funksiyasını dəstəkləyir. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. iPhone Air modeli Apple A19 Pro prosessoru vasitəsilə çalışır və 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 48 MP-lik bir ədəd arxa kameranı və 18 MP-lik ön kameranı birləşdirir. Apple bildirib ki, iPhone Air gün ərzində şarj yığmadan çalışa bilir. iPhone Air-in digər bir fərqli özəlliyi ondadır ki, onda şirkətin C1X adlı yeni şəbəkə modemi istifadə edilir. iPhone Air modeli 19 sentyabr tarixində satışa çıxacaq və qiyməti 999$-dan start götürəcək.

 İndi isə keçək iPhone 17 Pro və iPhone 17 Pro Max modellərinə. Apple iPhone 17 Pro modellərində bir dizayn dəyişikliyi reallaşdırıb. Belə ki, bu modellərdə arxa paneldəki kameraların yerləşmə mövqeləri olduqları kimi qalsalar da, onlar düzbucaq formalı xüsusi kamera sahəsinin daxilində yerləşirlər. Bundan əlavə olaraq iPhone 17 Pro modellərində gövdənin hazırlanmasında titan materialdan alüminium materiala geri dönüş edilib. iPhone 17 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2622x1206 piksel keyfiyyətli 6.3 düym ölçülü OLED ekranla, iPhone 17 Pro Max modeli isə 120 Hz-lik təsvir yenilənməsinə sahib 2868x1320 piksel keyfiyyətli 6.9 düym ölçülü OLED ekranla təchiz olunub. Bu modellərdə də ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir və ekran Ceramic Shield 2 qoruyucu şüşəsi ilə əhatə olunub.

Hər iki modelin gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. iPhone 17 Pro modelləri A19 Pro prosessoru vasitəsilə çalışırlar. iPhone 17 Pro modeli 256/512 GB/1TB daxili yaddaş həcmini, iPhone 17 Pro Max modeli isə 256/512 GB/1/2 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda hər iki model özündə 48 MP + 48 MP + 48 MP üçlü arxa kameranı və 18 MP-lik ön kameranı birləşdirir. Apple bildirib ki, iPhone 17 Pro modelləri iPhone tarixində ən böyük həcmli batareyaları əldə ediblər. Şirkət konkret rəqəmləri təqdim etməsə də qeyd edib ki, iPhone 17 Pro bir dəfə şarj olunandan sonra 39 saat ərzində video izləmə rejimində çalışa bilir. iPhone 17 Pro modelləri 19 sentyabr tarixində satışa çıxacaqlar. iPhone 17 Pro-nun qiyməti 1099$-dan, iPhone 17 Pro Max-ın qiyməti isə 1199$-dan start götürəcək.

Seçilən
40
olay.az

1Mənbələr