AZ

Azər Bağırov: "Azərbaycanla oyunda hər şey Fransadan asılı olacaq" - MÜSAHİBƏ

"Kəpəz" komandasının sabiq baş məşqçisi Azər Bağırovun Sportnet.az-a müsahibəsi

- Fernandu Santuşun istefaya göndərilməsi barədə qərarı necə dəyərləndirərdiniz?

- Məncə, qərar tam doğrudur. Sadəcə, bunun arxasında başqa bir legioner məşqçi durmasa. Neçə illərdir medianın çox hissəsi və mütəxəssislər söyləyirlər ki, yerli baş məşqçi olmalıdır. Mən də düşünürəm ki, bu halda belə bir maneə aradan qalxar. Psixoloji baxımdan çatışmayan məsələlər var. Xarici baş məşqçilər komandaya o ruhu verə bilmirlər. Millinin İslandiyaya qarşı son oyununda bu, daha qabarıq şəkildə göründü. 11 oyunda 1 qələbənin olmaması, Belarus və Estoniya kimi komandalara məğlubiyyət daha üzücü idi.

- Bəs Ayxan Abbasovun müvəqqəti baş məşqçi təyinatı barədə fikirləriniz necədir?

- Bu da normal hadır. Abbasov qısa vaxtda işini ortaya qoyub, gənclər yığmasında olduğu üçün əsas millini də yaxşı tanıyır. Məncə, bu təyinat millinin xeyrinə ola bilər.

- Hazırda əsas müzakirə mövzularından biri də budur ki, baş məşqçilərin yerdəyişməsi ilə milli komandanın problemləri həllini tapacaqmı?

- Mənim düşüncələrim fərqlidir. Neçə illərdir hamı həmişə qərar verib. Son 10 ildə Azərbaycan futbolunda çalışan yerli mütəxəssislərdən fikir soruşulmayıb ki, problemin kökü hardadır. Sadəcə, qərarlar verilib və hamı bununla da davam etmək məcburiyyətində qalıb. Məncə, Azərbaycanda məşqçilər var, amma onların savadlanması mövzusunda böyük işlər görülməlidir. Sənin əlində material olsa belə, akademiyadan gələn futbolçular yarımcan olduqları üçün onu tam qavraya bilmirlər. Bu gün futbolçuların 17-19 yaşlarından sonra itdiklərini deyirik. Sırf keyfiyyətli futbolçunu sonadək yetişdirə bilmirik. Yarımcan olduqları üçün təkərləri tez buraxır.

- Sizdən soruşulsaydı, problemin kökünün nədən ibarət olduğunu deyərdiniz?

- Problem ondadır ki, Santuşlara, Di Byazilərə milyonlarla avro verməkdənsə, o sərmayəni öz məşqçilərimizə etmək lazımdır ki, onlar savadlansınlar, kənara çıxsınlar. Bu gün legioner futbolçumuz, legioner məşqçimiz yox səviyyəsindədir. Bunların hamısı öz məşqçilərimizə yatırım etməməyimizdən irəli gəlir. Yaxşı futbolçu istəyirsən, amma onun yaxşı məşqçisi yoxdur. Hər bir akademiyada 15 məşqçi olmalıdır. Bu, bütün klubların akademiyalarına şamil olunmalıdır. Bu mənada klublar böyük işlər görməlidirlər. Çox təəssüf ki, məşqçilərimizi elə vəziyyətə salırlar ki, onları yalnız əsas komandanın problemləri düşündürür. Uşaq futbolu və milli komandanın gələcəyini düşünməyə imkanları olmur. 17-18 yaşlı uşağın gələcəyini fikirləşə bilmirlər. Çünki 1-2 oyunda uduzan kimi özləri işdən çıxarılma təhlükəsi ilə üzləşirlər. Yəni, məşqçilərimiz belə bir təzyiq altında işləyirlər. Yəni, məsələ çox genişdir. Ona görə də məsələyə əks tərəfdən başlamaq lazımdır.

- Əks tərəf haradır?

- Mənə elə gəlir ki, öz məşqçilərimizi maarifləndirmək, ixtisasartırma kurslarına göndərmək, inkişaf etdirmək lazımdır. Elədə məşqçilər gec-tez sənə yaxşı futbolçular verəcəklər. Hər hansı ispan, italyan və digər əcnəbiləri hansısa komandamıza baş məşqçi təyin etməklə, illərlə hansı nəticələri qazanmışıq. Axı, akademiyalarda iş yoxdur, oradakı məşqçiləri maarifləndirmək lazımdır. Bir məşqçi 700, 800, 1000 manat alacaqsa, bir yerdə yox, bir neçə yerdə işləyəcək. O məşqçinin yerinə 3000-4000 avro verib əcnəbini işlədəcəksənsə, niyə o pulu özününkünə verməyəsən ki, qoy, bir yerdə işləsin? Əslində hər şey bir-birinə tərs mütənasibdir. Bu gün öz məşqçilərimizə sərmayə qoymaq, öz məşqçilərimizin yolunu açmaq lazımdır. O halda öz məşqçilərimiz futbolçuları milli ruhda yetişdirərək, bizə verəcəklər.

- Millini bugünkü oyuna çıxaracaq Ayxan Abbasov da, əsas namizəd kimi göstərilən Rəşad Sadıqov da klubda çalışırlar, işsiz deyillər. Nəyə görə işsiz mütəxəssislər kənarda qalır, amma yığmaya iş yeri olan baş məşqçini təyin edirlər?

- Məncə, bunu əsas işıqlandıran mediadır. Dəfələrlə görmüşük ki, mediada çox adamın adı çəkilir, amma AFFA bir dəfə də adı çəkilməyən mütəxəssisi baş məşqçi təyin edib. Məsələn, milliyə gələnədək Fernandu Santuşun adı bir dəfə də çəkilməmişdi, lakin gətirilib qoyulub. Məncə, bu adamların adlarının çəkilməsinə səbəbkarlar mediadır. Rəşad Sadıqov da, Ayxan Abbasov da mediada nüfuza malikdirlər. Bu, o demək deyil ki, onlar olmamalıdırlar. Öz işləri ilə gündəmdədirlər, pis-yaxşı çalışırlar. Heç kim onlardan güclü və ya zəif olduğunu deyə bilməz. Sadəcə, onsuz da təyinatı verən AFFA rəhbərliyidir, özləri kimi təyin edəcəklərini yaxşı bilirlər. Adların çəkilməsi yazılardan başqa bir şey deyil. Sabah Azər Bağırovun adı 100 dəfə çəkilsə belə, görəcəksiniz ki, xarici baş məşqçi gəldi və təyin olundu.

- Demək istəyirsiniz ki, kiminsə barədə yazının yazılması əks effekt verir və AFFA da acığa düşərək, tam fərqli bir mütəxəssisi baş məşqçi təyin edir?

- Bilmirəm, acığa düşürlər, yoxsa başqa bir məsələdir. Məncə, heç bir yerdə yazılıb-danışılmayan baş məşqçi vaxtı gələndə təyin olunur. Acığa düşmə mövzusuna toxunmaq mən tərəfdən düzgün olmaz. Görünən məsələlər də var.

- Yəni, media işsiz mütəxəssisləri çox hallandırmasın ki, AFFA da onları təyin etsin?

- Məncə, yekunda AFFA rəhbərliyi 100 ölçüb, bir bitəcək və legioner məşqçilərin uğursuzluğu fonunda hər hansı yaxşı addım atılacaq. Milyonlarla vəsaiti xaricilərə yedirtmək bir yerdə dayanmalıdır. Yerlilər elə də savadsız deyil, amma onların inkişafı üçün yollar açılsa, daha yaxşı nəticələr əldə olunar. Premyer Liqada ilk 3-lükdə olan komandaların baş məşqçiləri yerlilərdir, Konfrans Liqasına gedən əcnəbilərin çoxu uğursuzluqla üzləşib. Niyə özümüzünkülərə o şəraiti yaratmırıq? Şərait dedikdə, o demək deyil ki, milyonu mənə ver. 1/3 hissəsini yerli məşqçiyə, uşaq futboluna, öz infrastrukturuna ver. Bununla da istər-istəməz Azərbaycan futboluna yatırım etmiş olarsan.

- Qarşıda Fransa ilə səfər matçı gəlir. Bu məsuliyyətin altına kimsə girə bilər?

- Hər bir azərbaycanlı millinin sükanı arxasında olmaqdan qürur duyar və maksimum bacarığı nədirsə, onu öz üzərinə götürər, daşda, qayada, havada, suda səhv axtarmaz. Bir azərbaycanlı kimi məsuliyyəti öz üzərimə götürərəm, futbolçunun pisliyindən, zəifliyindən bəhanə axtarmaram. Baş məşqçi mənəmsə, hamının qarşısına bir dağ kimi mən çıxaram, "problem məndədir" deyərəm. Necə ki Qazaxıstan yığmasının nəticələrinə görə məsuliyyəti Əli Əliyev öz üzərinə götürdü. Çünki o, bu torpağın oğludur, o bilir ki, nə lazımdır, nədən sonra nə gəlir. Məsuliyyət olmalıdır və o məsuliyyət qanda axmalıdır. Mən o himni oxuyanda gözlərim önünə minlərlə şəhid, onların anaları gəlir, o vuruşan insanlar gəlir. İnanmıram ki, legionerlərin gözlərinə puldan başqa nə isə gəlsin.

- Yenidən millinin baş məşqçisinə Fransa ilə oyundan sonra "Oraya qapıçısız getmişdiniz?" sualının ünvanlanma ehtimalı varmı?

- Allah bizə o günü göstərməsin. Həmişə deyirəm ki, biz millət olaraq mərdik. Təki mərdi qova-qova namərd etməsinlər.

- Amma 0:10 hesablı məğlubiyyət azərbaycanlı baş məşqçi ilə yaşanıb...

- Yadımdadır, o oyunun təlilini aparmışıq, uşaq vaxtı baxıb çox pis olmuşuq. Həmin vaxt aşağı yaşlılardan ibarət yığmada idik. Reallıqları qəbul etmək, reallıqlarla barışmaq lazımdır. Fransanın neçə-neçə liqası, komandası var. Hamı ilə ayaqlaşmaq istəyirsənsə, bəzi işləri sürətləndirməlisən. İllərlə legionerlərə pul tökməkdənsə, özününkülərdən yapışmalısan ki, sabah o meydançada azərbaycanlı futbolçu oynasın. Hər hansı klubun yox, millinin uğuru hamı üçün vacib olmalıdır.

- Sizcə, həmin vaxt Fransaya uduzan heyət güclüdür, yoxsa indiki?

- Həmin futbolçularda fərqli prinsipiallıq var idi, onlar psixoloji cəhətdən daha üstün idilər. İndikilər isə sanki bir qədər dəymədüşərdilər. Fikrimcə, ovaxtkı heyət daha yaxşı nəticələr göstərirdi.

- Onda belə çıxır ki, bu dəfə daha ağır nəticə ola bilər...

- Yekunda hər şey ola bilər. Amma digər tərəfdən, futbol elə vəziyyətə gəlib ki, oyunun alınıb-alınmaması da rol oynayır. Hər şey Fransadan asılı olacaq. Çünki meydanda bir nömrəli tərəf onlar olacaq.

İdman.biz

Seçilən
25
1
idman.biz

2Mənbələr