Füzuli Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Xəlil Bəkirovun (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səkinəxanım Məmmədlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.
Məhkəmənin hökmü ilə Xəlil Bəkirov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttiham aktına əsasən, Xəlil Bəkirov uzun müddət çoban kimi fəaliyyət göstərib və Füzuli rayonu, Alıxanlı kənd sakini Qalib Nürəddinova (adı, soyadı şərtidir) məxsus fermada işləyib. Ona etibar edilmiş sürünü otarmaq, qorumaq və saxlanmasına cavabdeh olduğu halda, təqsirləndirilən şəxs etimadı pozaraq, tamah niyyəti ilə hərəkət edib.
Belə ki, 2024-cü ilin noyabr ayının əvvəllərində, Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən Əhmədbəyli–Füzuli–Şuşa yolunun 10-cu kilometrliyində yerləşən otlaq sahəsində Xəlil Bəkirov cinayət niyyətini həyata keçirib. O, sahibinə məxsus 5 baş damazlıq qoyunu gizlicə 650 manat dəyərində olmaqla, ümumilikdə 3250 manat məbləğində cinayətdən məlumatsız şəxsə satıb. Qoyunlar “pikap” tipli avtomobilin yük yerinə yüklənərək aparılıb.
İstintaqla müəyyən edilib ki, Xəlil Bəkirov bu əməllə ona etibar edilmiş özgə əmlakı mənimsəyərək şəxsi məqsədlərinə sərf edib.
Kamal Məmmədov