Şəhidlər Xiyabanında daha bir turistin qeyri-etik video çəkərək paylaşması qəzəb doğurdu
Bakıda Şəhidlər Xiyabanında daha bir xoşagəlməz hadisə qeydə alınıb. İran vətəndaşı, məşhur bloger Milad Hadinezhad müqəddəs məkanımızda qeyri-etik video çəkərək sosial şəbəkə hesablarında paylaşıb. Bundan əlavə, o, Şəhidlər Xiyabanında yerləşən Əbədi Məşəl abidəsi ilə bağlı yanlış məlumat yayıb. Bu addım ictimaiyyətdə ciddi narazılıq yaradıb.
Qeyd edək ki, Milad Hadinezhad İranda kifayət qədər tanınmış blogerlərdən biridir. Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparacağı gözlənilirdi. Bəs həmin bloger tapıldımı? Ümumiyyətlə, bu kimi hallar niyə artıb? Bəlkə cəzalar sərtləşdirilsin?
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a deyib ki, bir sıra hallarda nsanlarımız bu məsələni bir qədər dramatikləşdirir və bir az da faciələşdirir: “Əlbəttə, şəhidlər bizim üçün önəmlidir, həssas yerimizdir, biz onlara hörmət və ehtiramla yanaşmalıyıq və ölkəyə gələn insanlar da bunu nəzərə almalıdırlar. Hesab edirəm ki, bunun üçün Şəhidlər Xiyabanının qarşısında müxtəlif dillərdə geniş məlumatların verilməsinə ehtiyac var. Yəni bu barədə xaricilərə məlumat verilməlidir. Bizim üçün müqəddəs və önəmli olan insanlar başqaları üçün eyni dərəcədə önəm daşımaya bilər. Çünki bu, bizim şəhidlərimizdir. Ona görə də orada baş verən hadisələri həddindən artıq dramatikləşdirmək doğru deyil. Sadəcə, maarifləndirmə aparılmalı, təbliğat işləri görülməlidir. Turizm bizim üçün önəmlidir, ölkədə turizmin inkişaf etməsi vacibdir və bunun üçün hər birimiz çalışmalı, səy göstərməliyik”.
Deputat əlavə edib ki, görünür, maraqlı qüvvələr var və onlar bu prosesə mənfi təsir göstərmək üçün müxtəlif addımlar atırlar.
Tənzilə Rüstəmxanlı
Deputat Tənzilə Rüstəmxanlı isə Şəhidlər Xiyabanında mühafizənin bir qədər də gücləndirilməsinin vacib olduğunu vurğulayıb: “Bizim üçün sayğı və ehtiram ünvanı olan şəhidlərin uyuduğu xiyaban Azərbaycana rəsmi səfərə gələn xarici dövlət və hökumət başçılarının ziyarət etdikləri məkandır. Bu, artıq protokol qaydası sayılır. Təəssüf ki, ölkəmizə təşrif buyuran bəzi turistlər bu müqəddəs məkanda qeyri-etik hərəkət və davranışlara yol verirlər ki, bu da ictimaiyyətin haqlı narazılığına, hiddətinə səbəb olur. Son vaxtlar belə halların çoxalması ciddi narahatlıq doğurub. Öncə hansısa ərəblər, sonra hansısa xarici turistlər, indi isə iranlı bloger...
30 il ərzində Azərbaycanda baş verməyənlər, necə olur ki, bir ayda təkrar-təkrar baş verir? Müvafiq orqanlar bu məqamı da diqqətə almalıdır. Bəlkə heç baş verənlər təsadüf deyil?"
Sayman Aruz
Güneyli yazıçı-publisist Sayman Aruz qeyd edib ki, bloger Milad bundan əvvəl də Təbrizdə türk şairlərinin dəfn olunduğu məqbərədə bu cür qeyri-etik videolar çəkərək paylaşıb: “Həmin videonu mən də gördüm və sözün həqiqi mənasında qəzəbləndim. Çünki Azərbaycan cəmiyyəti üçün müqəddəs hesab olunan bir məkanda o şəkildə davranış sərgiləmək, hərəkətlər etmək və məhz bizim müqəddəs bildiyimiz abidənin qarşısında qeyri-etik video çəkib paylaşmaq ən yüngül formada desək, əxlaqsızlıqdır. Kimliyindən asılı olmayaraq, mən hesab edirəm ki, Azərbaycan cəmiyyətinin qüruruna, mənliyinə və müqəddəslərinə hörmətsizlik etdiyinə görə həmin şəxslər mütləq şəkildə aidiyyəti dövlət orqanları tərəfindən araşdırılmalı və cəzalandırılmalıdır. Ümumiyyətlə, bir neçə vaxt əvvəl də ərəblər eyni qaydada hörmətsizlik etmişdilər. Dünən ərəblər, bu gün hansısa fars, sabah isə kim olacaq? Demək ki, bu məsələlərin qarşısında biz daha ciddi mövqe ortaya qoymalıyıq. Həm dövlət, həm də xalq olaraq belə halları qınamalı və cəzalandırmalıyıq ki, bizim ölkəmizə turist kimi gələnlər başa düşsünlər: Azərbaycanda necə davranmaq və necə hörmət göstərmək lazımdır. Ona görə də mən şəxsən həmin videonu bütün platformalarda şikayət etmişəm və dostlarımı da təşviq edirəm ki, həmin videonu şikayət etsinlər və həmin şəxsi qınasınlar.
Blogerlər anlamalıdırlar ki, “layk” xətrinə istədikləri addımı ata bilməzlər. Bu, təkcə iranlı blogerlərlə bağlı deyil. Mən özüm dəfələrlə şahidi olmuşam ki, müxtəlif iranlı blogerlər Azərbaycana gəlib müxtəlif məkanlarda ədəbdən və etikadan kənar videolar çəkiblər. Sadəcə, həmin videolar ictimailəşməyib. İndi bu video gündəmə gəlibsə, deməli, digər oxşar halları da gündəmə gətirmək və həmin şəxslər barəsində məlumat vermək mümkündür. Yəni iranlı bloger Miladın atdığı addım ilk deyil. Ona görə də Milad kimi şəxslərə bu ixtiyarı vermək olmaz ki, gəlib Azərbaycanda hörmətsizlik və ədəbsizlik etsinlər.
Bu, artıq təhlükəli bir ənənəyə çevrilir və anti-Azərbaycan, antitürk düşüncəsi özünü bu formada ölkəmizin daxilində, düşmən qüvvələrin əli ilə göstərir. Ona görə də biz bunun qarşısında ciddi dayanmalıyıq.
Xatırladım ki, iranlı bloger Milad bir müddət əvvəl də Təbrizdə türk şairlərinin məqbərəsi qarşısında eyni qaydada meymunluq etmişdi. Həmin video da kifayət qədər səs-küy yaratmışdı: necə ola bilər ki, bir insan gəlib Təbrizdə məşhur şairlərin, o cümlədən Şəhriyar və Xaqaninin dəfn olunduğu yerdə belə hərəkətlər etsin? Demək ki, İranda mövcud sistem buna şərait yaradır və belə insanlara göz yumur. Ona görə də tövsiyə edirəm ki, Milad kimilərinin cəzalandırılmasından başlayaraq, ümumiyyətlə, o sistemə qarşı mübarizəmizi daha da gücləndirməliyik".
Xalidə GƏRAY,
“Yeni Müsavat”