AZ

Avqustda Rusiya büdcəsinin kəsiri azalısa da, illik planı aşıb

Avqust ayında büdcə profisitlə bağlansa da, ümumi kəsir 4,19 trilyon rubldan yuxarı qalır...

Poliqon xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi bu ilin avqust ayında dövlət büdcəsinin ikinci dəfə profisitlə bağlandığını açıqlayıb. Rəsmi məlumatlara görə, ay ərzində gəlirlər xərcləri 686 milyard rubl üstələyib. Bunun nəticəsində ilin əvvəlindən yığılan kəsir 4,88 trilyon rubldan 4,19 trilyon rubla qədər azalıb. Lakin ötən ilin yanvar-avqust dövrü ilə müqayisədə büdcə kəsirinin həcmi 150 dəfə artaraq hökumətin bütün il üçün nəzərdə tutduğu 3,792 trilyon rublluq planı çoxdan geridə qoyub.

Əsas problem mənbəyi isə neft-qaz gəlirləridir. Hesabat dövründə bu gəlirlər 20,2% azalıb. Qeyri-xammal vergiləri 14,3% artsa da, ümumi gəlirlərin artımı cəmi 3% təşkil edib. Bunun fonunda dövlət xərcləri 21,1% artaraq 27,92 trilyon rubla yüksəlib.

Maliyyə Nazirliyi avqustdakı profisiti mart ayından bəri ilk uğur kimi qeyd etsə də, ekspertlər bunun dayanıqlı deyil, müvəqqəti faktorlarla bağlı olduğunu vurğulayırlar. GPB Private Banking-in idarəedici direktoru Eqor Susinin sözlərinə görə, bu artım əsasən dövlət bankları və dövlət korporasiyalarından büdcəyə köçürülən dividend ödənişləri hesabına mümkün olub. Onun hesablamalarına görə, son 12 ayın yekununda federal büdcənin kəsiri 7,64 trilyon rubla çatıb.

“Çıxış yolu kimi əlavə vergi yığımı artıq mümkün deyil. Hakimiyyətin qısa müddətdə istifadə edə biləcəyi yeganə mexanizm rublun dəyərsizləşdirilməsidir”, – deyə “Çifra broker”in analitikləri bildirirlər. Onların proqnozuna əsasən, ABŞ dollarının məzənnəsi ilin sonuna qədər 90–95 rubl səviyyəsinə qalxa bilər. Növbəti ildə isə kursun 100 rubla çatacağı gözlənilir.

Poliqon.info

Seçilən
72
poliqon.info

1Mənbələr