AZ

Ayxan Abbasov: Futbolçularımızda milli ruh və motivasiya görünürdü

“Gözəl oyun üçün futbolçularıma təşəkkür edirəm”.

Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan millisində baş məşqçi vəzifəsini müvəqqəti icra edən Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis matçın komandası üçün yaxşı alındığını söyləyib: “Hesab nə olursa, olsun oyunçularıma təşəkkür edəcəkdim. Onlar müəyyən qədər təzyiq altında idilər. Rəqibdən xal ala bildik. Düşünürəm ki, azarkeşlərimiz sayəsində bunu bacardıq. Sona qədər bizimlə oldular və futbolçuları ruhlandırdılar. Emin Mahmudovun qolu bizi çox sevindirdi. Hətta oyunçular da ondan qol gözləyirdilər. Toral Bayramovun da meydana daxil olması görüşün gedişatına müsbət mənada təsir göstərdi”.

O, rəqibin heyətində texnikalı oyunçuların olduğunu deyib: “Buna baxmayaraq, komandamız mübarizə apardı. Yığmamızın bütün üzvlərində milli ruh və motivasiya görünürdü. Bundan sonra da Azərbaycan futbolunun inkişafı üçün çalışacağıq”.

A.Abbasov Fransa ilə keçiriləcək qarşılaşma üçün gözləntilərindən danışıb: “Fransa ilə oynamaq futbolumuzun inkişafı üçün dəyərlidir. Təbii ki, asan olmayacaq. Bunun üçün bizə vaxt lazımdır. İndidən nəsə demək də düzgün deyil. Çünki AFFA-nın mənimlə bağlı verəcəyi qərarı hələ bilmirik. İndiki durumda gözləmək lazımdır”.

Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk matçında İslandiyaya 0:5 hesabı ilə uduzub.

Seçilən
25
8
moderator.az

9Mənbələr