Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Son illərdə Azərbaycanda xoşagəlməz bir tendensiya müşahidə olunur. Bəzi restoran və istirahət mərkəzləri müştəri cəlb etmək üçün canlı heyvanları, bəzən də nəsli kəsilməkdə olan nadir növləri uyğun olmayan şəraitdə saxlayırlar. Bunun son nümunəsi Qəbələnin Qəmərvan kəndində yerləşən “Bazardüzü” İstirahət Mərkəzində aşkarlanıb.
IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən araşdırma zamanı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bir qara kərkəsin qanunsuz saxlanıldığı müəyyən edilib. Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan tədbirlər nəticəsində həmin quş götürülərək baytar mütəxəssislərin nəzarətində Bakı Zooloji Parkına təhvil verilib.
Təəssüf ki, bu, ilk hadisə deyil. Son vaxtlar restoranlarda və istirahət məkanlarında egzotik heyvanların qəfəsdə saxlanılması halları artmaqdadır. Sözün əsl mənasında canlıların “ekspozisiya obyektinə” çevrilməsi, həm də natəmiz və uyğun olmayan şəraitdə saxlanılması həm heyvanlara əzab verir, həm də qanun pozuntusudur.
Birincisi, bu hallar vəhşi təbiətə ağır zərbə vurur. Çünki nəsli azalan heyvanların təbiətdən qoparılması onların məhv olmasına səbəb olur. İkincisi, qeyri-peşəkar şəraitdə saxlanılan heyvanlar həm özləri üçün, həm də insanlar üçün təhlükə yaradır. Üçüncüsü, bu, cəmiyyətə yanlış mesaj ötürür. Sanki nadir heyvanı qəfəsə salmaq “təmtəraqlı” bir jestdir.
Hazırda belə hallara qarşı inzibati tədbirlər görülür, amma görünən odur ki, təkcə cərimə kifayət etmir. Restoran və istirahət mərkəzləri məsuliyyət daşımalı, bu cür qanunsuzluqlar ictimai qınaq obyektinə çevrilməlidir. Əks halda, biznesin maraqları təbiəti məhv etməyə davam edəcək.
Qara kərkəsin hadisəsi sadəcə bir fakt deyil, böyük problemin göstəricisidir. Təbiəti qorumaq təkcə ekoloqların yox, bütün cəmiyyətin borcudur. Əgər bu məsələni ciddi qəbul etməsək, bir gün uşaqlarımıza göstərəcək nə qara kərkəs qalacaq, nə də digər nadir canlılar.
Leyla Mirzə, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.