AZ

Gəncədə yüksək bal toplayan məzunlarla görüş keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2024/2025-ci tədris ilində şəhərin ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, məzunları təbrik edən Niyazi Bayramov bu uğurların ilk növbədə şagirdlərin şəxsi zəhmətinin nəticəsi olduğunu bildirib. Qeyd edib ki, bununla yanaşı, müəllimlərin gərgin əməyi, valideynlərin dəstəyi və təhsil sahəsində görülən işlər də bu nailiyyətlərdə mühüm rol oynayıb.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov da məzunları təbrik edərək onların nümunəvi gənclər olduqlarını vurğulayıb: “Siz gənclər Azərbaycanın sabahısınız. Dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün gənclərimiz yüksək bilik və bacarıqlara yiyələnirlər. Əminəm ki, siz ali məktəblərdə də uğurla təhsil alacaq, gələcəkdə Azərbaycanın inkişafına öz töhfələrinizi verəcəksiniz”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov 2024/2025-ci tədris ilində əldə olunan uğurlardan danışaraq bildirib ki, Gəncə şəhəri üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul olunanların sayı 1600-dən çox olub. Onun sözlərinə görə, bu göstərici şəhər üzrə məzunların ümumi sayının 55,3 faizini təşkil edir ki, bu da əvvəlki illərlə müqayisədə müsbət dinamikanın göstəricisidir: “Bu il Gəncə məktəblərinin 101 məzunu qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Bu isə həm şagirdlərin fərdi zəhmətinin, həm də müəllimlərin peşəkarlığının və məktəblərdə tədris prosesinin keyfiyyətinin göstəricisidir”.

Görüşün sonunda məzunlarla səmimi söhbət aparılıb, onların arzuları və gələcək planları dinlənilib.

Seçilən
23
1
sia.az

2Mənbələr