AZ

Azərbaycan adambaşına gəlirə görə lider, orta aylıq maaşa görə “bərbad mövqedə”...


Fuad İbrahimov: “Bizdə ÜDM böyük ölçüdə artsa da, bu, orta aylıq əmək haqqında özünü göstərmir”

SSRİ-nin dağılmasından sonra keçmiş sovet respublikaları iqtisadi baxımdan fərqli inkişaf yolu keçiblər. Beynəlxalq Valyuta Fondunun (BVF) yaydığı hesabata görə, son 30 ildə – 1995–2025-ci illərdə bu ölkələrdə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi artsa da, ölkələr arasında böyük fərqlər yaranıb.

BVF-nin 2025-ci il üçün proqnozlarına əsasən, son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Belə ki, 1995-ci ildə 300 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb. Bu göstərici postsovet məkanında rekord sayılır.

Ancaq burada paradoks doğuran məqam odur ki, adam başına düşən ÜDM-ə görə Azərbaycan ən öncül yerdə olsa da, orta aylıq əmək haqqına görə əksər postsovet ölkələrindən, o cümlədən Gürcüstan və Ermənistandan geridə qalır. Gürcüstan və Ermənistanda orta aylıq əmək haqqı Azərbaycandan yüksəkdir.

“Qeyri-neft sektoru yerində sayır və Azərbaycanda bir neft-qaz, bir də bank sektorunda çalışanlar yüksək əmək haqqı alır”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında Azərbaycanda gəlirlərlə əmək haqqı arasında belə kəskin fərqin olmasını bir sıra amillərlə əlaqələndirdi: “Düzdür, ÜDM indeksi iqtisadiyyatda bir indeks kimi qəbul olunur. İqtisadi inkişafın dinamikasını ölçə biləcək bir əmsal kimi dəyərləndirilir. Ancaq neçə illərdir Azərbaycanda orta aylıq əmək haqqının Gürcüstan və Ermənistandan aşağı olduğu statistik məlumatlarda öz əksini tapır. ÜDM-in tərkib hissəsinə diqqət etsək bir sıra məqamlar ortaya çıxacaq. Məsələn, Rusiyada pandemiya və müharibə dövründə ÜDM xeyli artıb. Ancaq bu, silah-sursat hesabına artırsa, bu o demək deyil ki, Rusiyada iqtisadiyyat inkişaf edir, əhalinin həyat səviyyəsi yaxşılaşır. Tutaq ki, Azərbaycan böyük miqdarda xlor istehsal edir və bu, ÜDM artımında özünü göstərir. Bunu iqtisadi göstərici hesab etmək olmaz. Bu nöqteyi-nəzərdən ÜDM deyəndə, dövlətin, hökumətin, iqtisadiyyatın hansısa bir qüdrəti nöqteyi-nəzərdən baxanda onun tərkibindəki keyfiyyətlə müqayisədə bu, 0 da ola bilər, 100 də. Misal üçün, Çində ÜDM bütün dünya istehlakçılarına xidmət edir. Çünki Çində istehsal edilən məhsullar bütün dünya istehlakçıları tərəfindən istifadə edilir. Yəni daha çox yararlılıq indeksi yüksəkdir. Bizdə ÜDM böyük ölçüdə artsa da, bu, orta aylıq əmək haqqında özünü göstərmir. Ancaq Ermənistanda orta aylıq əmək haqqı bizdən yüksəkdir. Halbuki, onlarda ciddi ÜDM artımı yoxdur. Bu baxımdan biz, əlbəttə, özümüzə sual verməliyik ki, bu niyə belədir? Dövlət səviyyəsində hökumətin dəstəyi ilə sənaye parkları açılmış, hər cür şərait yaradılmış parklarda niyə o sürətlə inkişaf dinamikası yoxdur? Heç olmasa orta təbəqəni təmin edəcək maaşlar qrupu haradadır? Nə üçün Sumqayıt Sənaye Parkında işə gələnlər arasında kütləvilik görmürük? Çünki istehsal səviyyəsi çox aşağıdır. Ölkəmizdə qeyri-neft sektoru yerində sayır. Azərbaycanda bir neft-qaz və bir də bank sektorunda çalışanlar yüksək əmək haqqı alır. Bax, budur problem. Ona görə də biz istədiyimiz iqtisadi göstəriciləri rəqəmsal ala bilmirik və statistik rəqəmi də şişirtmək mümkün deyil. Faktiki Gürcüstan və Ermənistan bizdən öndədir”.

Vidadi ORDAHALLI

Seçilən
29
baki-xeber.com

1Mənbələr