AZ

Vaşinqton razılaşmasının qlobal əhəmiyyəti

Cənubi Qafqazın mürəkkəb geosiyasi reallığında uzun illər davam edən münaqişələrin həlli istiqamətində əldə olunmuş Vaşinqton razılaşmaları Azərbaycanın dövlətçilik tarixində misilsiz əhəmiyyət daşıyan hadisədir. 

Bu razılaşma yalnız iki dövlət arasında imzalanmış sənəd və ya hər hansı bir atəşkəs mexanizmi kimi dəyərləndirilməməlidir. Bu, Cənubi Qafqazın tarixində yeni bir mərhələyə yol açan, davamlı sülhün əsaslarını möhkəmləndirən və qitə miqyaslı regional əməkdaşlığa başlanğıc verən strateji yol xəritəsidir.

Azərbaycan uzun illər boyu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqq mübarizəsi aparmış, 44 günlük Vətən müharibəsində işğala son qoymaqla sülh üçün real zəmin yaratmışdır. 2023- cü ildə Qarabağ üzərində dövlət suverenliyimizin bərpası təkcə hərbi-siyasi deyil, həm də mənəvi tarazlığın bərpası idi. Bu zəfərin ardınca Prezident İlham Əliyevin həyata keçirdiyi sülhyönümlü diplomatik siyasət regional və qlobal müstəvidə Azərbaycanın mövqeyini gücləndirdi və nüfuzunu artırdı.

2020- ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda Füzuli səngərlərindən başlanan mübarizə 2025- ci ilin 8 avqustunda Vaşinqton masasında əldə olunmuş razılaşmalarla özünün məntiqi yekununa çatdı.

Razılaşmaların mahiyyətində milli, regional və qlobal səviyyədə strateji əhəmiyyət daşıyan bir neçə məsələ öz həllini tapdı.
Əvvəla, Azərbaycan üçün həyati əhəmiyyət daşıyan Naxçıvanla ölkəmizin əsas ərazini birləşdirən Zəngəzur dəhlizi ( “Trump Route for International Peace and Prosperity”) reallığa çevrildi. Bu marşrutun açılması bütün türk dünyasını quru yolları vasitəsilə birləşdirən və hər bir türk dövləti üçün geosiyasi və geo- iqtisadi əhəmiyyət daşıyan tarixi bir hadisədir. Zəngəzur dəhlizi vasitəsilə Orta Asiyadan Cənubi Qafqaza və oradan da Avropaya uzanan yeni iqtisadi, enerji və ticarət dəhlizi formalaşır. Bu yol gələcəkdə yalnız nəqliyyat arteriyası deyil, həm də xalqlar arasında qarşılıqlı etimadı və mədəni əməkdaşlığı bərpa edən və dərinləşdirən sülh körpüsü olacaq.

Vaşinqton razılaşmalarının digər mühüm amili vaxtilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin aradan qaldırılmasıdır. Bu, Vaşinqton görüşlərinin strateji nəticələrindən biri oldu. 33 il əvvəl Azərbaycana qarşı qəbul edilmiş bu ədalətsiz sanksiyanın ləğvi Prezident İlham Əliyevin apardığı uzaqgörən və prinsipial siyasətin məntiqi nəticəsi və Azərbaycanın beynəlxalq müstəvidə durmadan artan nüfuzunun göstəricisidir. Bu qərar həm də keyfiyyətcə yeni mərhələyə qədəm qoyan ABŞ–Azərbaycan münasibətlərinin dinamik inkişafına yol açır.

Vaşinqton razılaşmasının ölkəmiz üçün ən mühüm nəticələrindən biri də ATƏT-in Minsk qrupunun ləğv olunması üçün atılan addımdır. 33 il ərzində haqsız olaraq məruz qaldığımız münaqişənin həll olunması əvəzinə işğalı uzadan status-kvonu qoruyub saxlamağa çalışmış Minsk Qrupunun ləğvi Azərbaycanın döyüş bölgəsində və ardınca diplomatik müstəvidə qazandığı qələbənin hüquqi cəhətdən təsdiqlənməsi kimi başa düşülməlidir.

Vaşınqton görüşlərinin diqqət çəkən məqamlarından biri də bütün işğal dövründə “savaş yarasaları”na və son illərdə isə revanşistlərə davamlı dəstək verən qlobal erməni lobbisinin bu prosesə təsir edə bilməməsi oldu. Son yüz il ərzində ABŞ-da güclü lobbiçilik şəbəkəsinə çevrilmiş qlobal erməni diasporunun bu dəfə siyasi proseslərə təsir edə bilməməsi Tramp administrasiyasının qlobal “erməni məsələsi”nə obyektiv və qərəzsiz münasibətini nümayiş etdirdi. ABŞ siyasi rəhbərliyinin bu münasibəti qlobal siyasət müstəvisində əsrlər ərzində formalaşmış “cəfakeş erməni” identikliyinə yanaşmanı dəyişir, “dənizdən dənizə Ermənistan” mifinə birdəfəlik son qoyur və eləcə də uydurma “1915- ci ilin erməni soyqırımı” iddiasını ciddi sual altında qoyur.

Vaşinqton görüşləri tarixin ən ağır sınaqları ilə üz-üzə qaldığı üç onillik ərzində Azərbaycan dövlətinin apardığı təmkinli, uzaqgörən, praqmatik və kifayət qədər çevik siyasətin uğurunu bütün möhtəşəmliyi ilə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövləti dövrünün ən mahir siyasətçiləri kimi tanınmış Heydər Əliyevin və İlham Əliyevin müdrikliyi sayəsində 30 ildən çox bir müddətdə “qlobal oyun” səviyyəsində ssenariləşdirilmiş olduqca mürəkkəb və ziddiyyətli proseslərin dolanbaclarından çıxmağı bacardı. Regionda davamlı sülhün memarı olan Prezident İlham Əliyevin dəmir məntiqi, qətiyyətli mövqeyi və strateji uzaqgörənliyi Azərbaycanı təkcə regionun deyil, bütövlükdə qlobal siyasətin etibarlı tərəfdaşına çevirdi.

Vaşinqton razılaşmaları xalqlar arasında uzunmüddətli sülh və etimadın bərpası üçün yeni bir səhifə açdı. Regionda təhlükəsizlik, iqtisadi inkişaf və humanitar əməkdaşlıq müstəvilərinin genişlənməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün qonşu ölkələr və qlobal güclər üçün faydalı olacağı da şübhəsizdir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Seçilən
2
6
sabahinfo.az

7Mənbələr