Nepalda “Z nəsli inqilabı” adlandırılan gənclərin etirazlarında gözlənilməz siyasi tələb irəli sürülüb. Onlar Katmandu şəhərinin hazırkı meri, keçmiş reper Balendra Şahın ölkənin baş naziri təyin edilməsini tələb ediblər.
Bu barədə “India Today” məlumat yayıb.
Qeyd olunub ki, Baş nazir Şarma Olinin istefasından sonra etirazçılar arasında B.Şahın müvəqqəti baş nazir təyin edilməsi ilə bağlı çağırışlar sürətlə yayılır.
Qəzet yazır ki, bir vaxtlar yaradıcılığını sosial problemlərə və həyatın çətinliklərinə həsr edən sadə nepallı reper olan Balendra Şah 2022-ci ildə paytaxt meri olmaqla inanılmaz siyasi uğur qazanmışdı. Adi insanlar arasından çıxan biri kimi vəzifəyə yüksəlməsi reperə indi dəyişiklik simvolu kimi baxan gənclər arasında böyük şöhrət qazandırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər isə sentyabrın 9-da ləğv edilib. Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına, eləcə də parlamentin binasına basqın edərək yandırıblar./Qafqazinfo.az/