“İnkişaf və təhlükəsizliyin rezonansı:
AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası işini iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun direktor müavini Zhao Longun moderatorluğu ilə keçirilən iclasda “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzusu müzakirə olunub.
İclasa onlayn formatda qoşulan Kambocanın Asiya Vizyonu İnstitutunun prezidenti Chheng Kimlong deyib: “Bu gün Asiyada geosiyasi risklərin aradan qaldırılması və mövcud boşluqların qarşısının alınması məsələsi gündəliyimizin ən aktual mövzularından biridir. Asiya ölkələri regionda bu sahədə nümunə rolunu oynayır və biz, xüsusilə rəqəmsal texnologiya və yaşıl siyasət sahələrində yeni vizyona doğru irəliləyirik”.
O qeyd edib ki, dünya sürətlə dəyişir və bu çağırışlara necə cavab verə biləcəyimizi qiymətləndirməliyik. Asiyanın əhalisi bir neçə ölkəni çıxmaq şərtilə yaşlanan cəmiyyətlərdən ibarətdir. Eyni zamanda, bəzi ölkələrdə əhalinin çoxluğu yeni nəslin demoqrafik dividendlərindən faydalanmaq üçün fürsət yaradır. Bu gənc nəsil rəqəmsal texnologiyaları tətbiq edərək, regionun inkişafına töhfə verə bilər.
Şri-Lankanın Lakşman Kadirqamar Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü YN Jayarathna foruma onlayn formatda qoşularaq bugünkü strateji vəziyyətin artıq dəyişdiyini və proseslərin sürətlə cərəyan etdiyini deyib: “Asiya artıq beynəlxalq səhnədə öz mövqeyini möhkəmləndirir. Bu mövqenin əsas dayağı isə iqtisadiyyatdır”.
Dəniz əlaqələrinə və gəmilərin təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığına diqqət çəkən nümayəndə qeyd edib ki, təhlükəsiz limanların yaradılması, təchizat zəncirinin etibarlılığı və dayanıqlığı, həm dəniz, həm də quru bağlantılarının inkişaf etdirilməsi Asiyanın iqtisadi mövqeyini daha da gücləndirəcək.
“Geostrateji mənzərə onu göstərir ki, Asiya artıq dünyanın istehsal bazarı kimi çıxış edir. İstehsal gücünün artması regionda keyfiyyət standartlarına və iqtisadi dəyərin yüksəlməsinə müsbət təsir göstərir. Əlbəttə, mövcud kiçik problemlər var, lakin bu məsələləri regional mexanizmlər vasitəsilə həll etmək mümkündür. Bu baxımdan, AQEM-in rolu xüsusilə önəmlidir. Bu platforma hökumətləri bir-birinə yaxınlaşdırmalı, əməkdaşlıq əlaqələrini gücləndirməli və regional sabitliyin möhkəmlənməsinə töhfə verməlidir. Biz birlikdə hərəkət etsək, Asiya yalnız istehsal və iqtisadi mərkəz deyil, həm də təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın nümunəsi ola bilər”, - deyə o əlavə edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Şahmar Hacıyev bərpaolunan enerji inkişafının bu gün Azərbaycan üçün ən prioritet istiqamətlərdən biri olduğundan danışıb: “Yaşıl iqtisadiyyatın qurulması yolunda ötən il Bakıda keçirilən COP29 isə ölkəmizə güclü təkan verib. Biz yaxşı bilirik ki, bərpaolunan enerji resurslarının səmərəli istifadəsi yalnız iqtisadi tərəqqi üçün deyil, həm də ekoloji dayanıqlılıq baxımından mühüm əhəmiyyət daşıyır”.
O qeyd edib ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədində ölkənin davamlı inkişafını təmin edəcək beş əsas istiqamət müəyyən edilib. Bunlara rəqabətədavamlı və sabit artan iqtisadiyyat, sosial ədalətə əsaslanan inklüziv cəmiyyət, müasir innovasiyalar və rəqabətqabiliyyətli insan kapitalı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və nəhayət, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi konsepsiyası daxildir: “Milli prioritetlər çərçivəsində yüksəkkeyfiyyətli ekoloji mühitin təmin olunması, həmçinin “yaşıl enerji zonası”nın yaradılması əsas hədəflərdəndir. Azərbaycan BMT-nin Paris İqlim Sazişinə uyğun olaraq 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. 2030-cu ilə qədər isə ümumi enerji istehsalında bərpaolunan enerji mənbələrinin payının 35 faizə çatdırılması planlaşdırılır. Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərimiz bu sahədə böyük imkanlara malikdir. Aparılan araşdırmalara görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi potensialı 7200 MVt, Kəlbəcər və Laçın rayonlarında külək enerjisi potensialı 2000 MVt, hidroenerji potensialının isə 510 MVt olduğu müəyyən edilib. Ümumilikdə isə Azərbaycanın bərpaolunan enerji potensialı 23 min MVt-dan çox Günəş, 3 min MVt külək, 380 MVt bioenerji və 520 MVt kiçik su elektrik stansiyalarından ibarətdir”.
Hindistanın İnkişafda olan ölkələr üçün Tədqiqat və İnformasiya Sisteminin dosenti Priyadarşi Daş deyib: “Əksər Asiya ölkələri sağlam iqtisadi göstəricilər nümayiş etdirir. Çin, Vyetnam, İndoneziya, Kamboca və digərləri son 20 il ərzində nəzərə çarpan dərəcədə böyük müvəffəqiyyətlərə nail olublar”.
Priyadardi Daş region ölkələrinin pandemiyadan sonra kifayət qədər müqavimətlə qarşılaşdıqlarını, lakin bütün güclərini toplayaraq irəliləməyə çalışdıqlarını deyib. Onun sözlərinə görə, son illər investisiyalar elektronika, maşınqayırma tekstil sektorlarında inkişaf edir: "Asiyada beynəlxalq ticarət kifayət qədər artıb. Bu isə pozitiv bir siqnaldır, asılılığın aradan qaldırılması deməkdir".
Vyetnam Diplomatiya Akademiyasında direktor vəzifəsini icra edən Tu Anh Tuan foruma onlayn qoşularaq qeyd edib ki, müasir dünyada iqtisadiyyat təkcə inkişaf və tərəqqi vasitəsi deyil, eyni zamanda, siyasi təzyiq alətinə çevrilib. Təəssüf ki, bəzi ölkələr iqtisadi alətləri qorunma və ya təhlükəsizlik məqsədi adı altında öz maraqlarını təmin etmək üçün istifadə edirlər. Bu isə beynəlxalq mühitdə ədalətsizliyin artmasına və qlobal sabitliyin pozulmasına gətirib çıxarır.
Hazırda qlobal iqtisadiyyatın yeni xəritəsinin formalaşdırıldığına diqqət çəkən direktor vurğulayıb: “Bildiyimiz kimi, ABŞ dolları hələ də beynəlxalq ticarət və maliyyə sistemində dominant rolunu saxlayır. Lakin biz, eyni zamanda, böhran mühitində yaşayırıq. Dünyada silahlı münaqişələrin sayı artıb, hərbi xərclər isə rekord səviyyəyə çatıb. Bunun nəticəsində beynəlxalq iqtisadi münasibətlərdə qeyri-sabitlik və yeni risklər meydana çıxır. Mənim fikrimcə, bəşəriyyətin qarşısında duran ən böyük çağırışlara, yəni, sağlamlıq problemlərinə və iqlim dəyişikliyinə daha çox diqqət və maliyyə ayrılmalıdır. Çünki bu məsələlər bütün dövlətlərin və xalqların gələcəyini birbaşa müəyyən edir. Silahlanmaya milyardlarla vəsait xərcləmək əvəzinə, həmin resursların pandemiyaların qarşısının alınmasına, səhiyyə sistemlərinin gücləndirilməsinə və ətraf mühitin qorunmasına yönəldilməsi daha doğru və səmərəli olardı. Əminəm ki, yalnız belə yanaşma ilə biz daha ədalətli, təhlükəsiz və dayanıqlı bir qlobal iqtisadi sistem formalaşdıra bilərik”.
Onlayn formatda qoşulan Qazaxıstan Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun Beynəlxalq təhlükəsizlik şöbəsinin müdiri Dauren Aben isə əlavə edib ki, bugünkü tədbirin mövzusu Qazaxıstanın təhlükəsizlik vizyonu ilə üst-üstə düşür. Bizim regionun qlobal təchizat zəncirində iqtisadiyyat sürətlə inkişaf edir, lakin üstünlük ölkədən ölkəyə dəyişir. Qazaxıstan Şərqlə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşir və bir çox dəhlizin vacib iştirakçısıdır. Bizim bir çox resursumuz var və buna görə də ölkələrarası əməkdaşlığa üstünlük veririk.
Ölkəsinin ekoloji hədəflər qoyduğunu, karbon qazının azaldılması, smart şəhərlər və digər layihələr icra etdiyini diqqətə çatdıran Dauren Aben çoxtərəfli tərəfdaşlığa önəm verdiklərini bildirib. "Geosiyasi resursları da unutmamalıyıq. Asiya ölkələri bunun üçün bəzi təlimatları sadələşdirir. Geosiyasi mövqeyimiz qlobal ticarətdə mühüm rol oynayır", - deyə D.Aben vurğulayıb.
İclas müzakirələrlə davam etdirilib.