AZ

Atəşkəs vədləri niyə boşa çıxır? – Müharibə uzanacaq

Rusiya–Ukrayna müharibəsi dünya gündəminin ən mühüm mövzularından biri olaraq qalır. Müharibənin iki ildən artıq davam etməsi göstərir ki, proses yalnız regional xarakter daşımır, həm də qlobal güc balansını müəyyənləşdirən əsas faktora çevrilib. Qərbin siyasi və hərbi dəstəyi, Rusiyanın sərt mövqeyi, iqtisadi və demoqrafik resursların müqayisəsi münaqişənin tezliklə başa çatmasının çətin olduğunu ortaya qoyur. Bu şəraitdə müxtəlif ssenarilər irəli sürülsə də, real vəziyyət uzunmüddətli qarşıdurmanın davam edəcəyinə işarə edir.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Editor.az-a açıqlamasında bildirib ki, Rusiya–Ukrayna müharibəsinin yaxın zamanlarda bitəcəyi real görünmür:

“Əksinə, müharibənin bir-iki il daha davam etməsi daha inandırıcıdır. Atəşkəslə bağlı səslənən vədlər və fərziyyələr özünü doğrultmur. Münaqişənin iki əsas tərəfi olsa da, Ukraynaya 50-dən çox ölkə dəstək verir, ABŞ atəşkəs çağırışları edir, lakin nəticə yoxdur. Bu müharibə dünya güclərinin özünü sınaq meydanına çevrilib, hərbi-sənaye kompleksləri də bundan bəhrələnir. Dünyada böhranlar davam etdiyi üçün bəzi ölkələr müharibələrdən sosial-iqtisadi problemlərini həll etmək üçün istifadə edirlər.”

Onun sözlərinə görə, mövsümi amillərin müharibəyə ciddi təsiri yoxdur:
“Qışda döyüşlər çətinləşsə də, tərəflər mövqe döyüşlərinə üstünlük verirlər. Rusiya müharibənin dayandırılmasına tələsmir. Prezident Vladimir Putin dəfələrlə bildirib ki, Zelenski ilə danışıqlar aparmayacaq, çünki onun prezidentlik müddəti bitib və onu tanımır. Putin bu mövqedən geri dönməyəcək.”

Abbasov hesab edir ki, Ukraynanın Rusiyaya qalib gəlməsi mümkünsüzdür:

“Avropa ölkələri Kiyevi əks-hücuma təşviq edir, amma bu, illüziyadır. Rusiyanın resurs bazası çox genişdir, Ukrayna isə borc və kreditlər hesabına mübarizə aparır, demoqrafik potensialı sürətlə azalır. Əslində, Ukraynanın yeganə çıxış yolu atəşkəsə nail olmaqdır. Ancaq Rusiya buna imkan verməyəcək. Moskva faktiki olaraq Ukraynanı “çərlədir”, onu “haldan salır””.

//Gülnarə Abasova, Editor.az

Seçilən
54
editor.az

1Mənbələr