“Daxili Qoşunların hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Hazırda Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu gün keçirilən komitə iclasında “Daxili qoşunlar haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Komitə sədri qeyd edib ki, “Daxili qoşunlar haqqında” yeni qanun layihəsində daxili qoşunların fəaliyyət istiqamətləri dəqiqləşdirilib və genişləndirilib:
“Yeni layihədə daxili qoşunlar, döyüş texnikası, fəal mühafizə və fərdi qoruyucu mühafizə vasitələri, fiziki qüvvə, xüsusi silah və sair kimi anlayışlar təsbit olunub. Bununla yanaşı, təqdim olunan layihədə daxili qoşunların fəaliyyəti ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın səlahiyyətləri və daxili qoşunların fəaliyyətinin təmin edilməsi tədbirləri nəzərdə tutulub.
Layihədə daxili qoşunların komandanın səlahiyyətləri sadalanıb, daxili qoşunların maliyyə və maddi-texniki təminatı, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyi təminatları barədə müddəalar yer alıb. Yeni layihəyə əsasən, daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olması ilə bağlı müddəa nəzərdə tutulmayıb. Lakin qüvvədə olan Qanunda daxili qoşunların komandanının daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.
Təklif edilən digər maddəyə əsasən isə daxili qoşunların fəaliyyətinə ümumi nəzarətin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən, idarədaxili nəzarətin isə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və daxili qoşunların komandanlığı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur”.