AZ

“Mən ölümü rahatlıqla qəbul etmiş adamam” -Kəramət Böyükçöllə AXŞAM SÖHBƏTİ

“Amma onu da bilirəm ki, insanlara nə vəsiyyət eləsəm, yerinə yetirməyəcəklər”

“Yəni deyəcəm balalarıma yaxşı baxın, bir gün baxacaqlar, iki gün baxacaqlar, sonra yadlarından çıxıb gedəcək. Çünki biz qeyri-ciddi varlıqlarıq”

“Ona görə insanlara tövsiyəm odur ki, çalışsınlar gülüşlərini itirməsinlər. Bu dünyaya gəlmək istəyən milyardlarla insan olub ki, çoxu kanalizasiya borularının içindədir. Amma siz bu dünyaya gəlmisiniz, təbiəti, bu gözəllikləri görmək şansınız olub, çalışın xoşbəxt olun”

Yazıçılar, yaradıcı adamlar son illər ictimaiyyətdə gündəm ola bilməsələr də, bugünkü müsahibimiz üçün vəziyyət heç də elə deyil. O, cəmiyyətdə ən çox tənqid edən və tənqid edilən simalardan biridir. "Kəramət Böyükçöl filankəs haqqında danışdı" başlığı ilə yazılan xəbərlər, çəkilən videolar auditoriya tərəfindən böyük maraqla qarşılanır. Lakin biz bu gün Kəramət Böyükçöllə pafos və qalmaqaldan uzaq, onu daha yaxşı tanımaq üçün həmsöhbət olduq. Müsahibə üçün razılaşdığımız yerdə, Kəramətin yeni kitab avtobusunun qarşısında oturub söhbətə başladıq:

- Salam Kəramət bəy, yeni kitab avtobusunuzun qarşısındayıq. Necəsiniz, işlər necə gedir?
- Təşəkkür edirəm, xüsusi bir iş yoxdur ki, haqqında danışım. Burdayam, insanlar gəlir, kitab alır, söhbət edir. Bəzən söhbət eləməyə gələnlər kitab alanlara imkan vermir (gülür). Maraqlı insanlarla qarşılaşıram, Azərbaycan xalqını bir-bir tanıyıram, daha dərindən tanıyıram. Bu, yazıçını daha da zənginləşdirir. 

- Kitab avtobusunuzla rayonlara getməyi düşünürsünüz? Yoxsa avtobus ancaq burda qalacaq? (red. Elmlər Akademiyası parkı)
- Rayonlara getməyi düşünmürəm, çünki bu avtobus sürülmür. Mühərriki yoxdur, köşk kimidir və daimi yeri buradır. Amma sürülən bir kitab avtobusum olsun istəyərəm. Rayonlara, şəhərlərə getmək, kitab satmaq, əhali ilə söhbət etmək. Bu çox da böyük arzu deyil, balaca arzudur, reallaşdırmaq mümkündür. Amma hələlik məndə o imkan yoxdur. 

- İnşallah olar. Kəramət bəy, cəmiyyətdə ən çox tənqid edən və tənqid edilən simalardansınız. Bunun səbəbi nədir?
- Mən həmişə sevənlərimdən çox, sevməyənlərimə təşəkkürümü bildirmişəm. Çünki sevməyənlər sevənləri aktiv saxlayır. Tutalım ki, İmişli rayonunun hansısa kəndində Məmməd adında bir adam var, məni çox istəyir. Mən həyatımı Məmmədin xoşuna gəlmək üçün yaşasam, onun sevdiyi musiqiləri, kitabları, siyasətçiləri sevsəm, mənim ondan nə fərqim oldu? Mən də bir Məmmədəm də. İnsanların xoşuna gəlmək, onlardan istifadə edənlərin məqsədi ola bilər. Bizim yazıçı kimi işimiz məmmədlərin nazı ilə oynamaq yox, onları dəyişmək, sivil dünyagörüşü sahibi eləməkdir. Azərbaycan ədəbiyyatında xalqın nazı ilə oynayan o qədər yazıçı olub ki, ölüb gedib, heç xatırlanmır. Yəni xalq, toplum səni sevə də bilər, sevməyə də bilər, tənqid də edə bilər, hətta nifrət də edə bilər. Amma sən azad fikirlərindən əl çəkməməlisən.

- Cəmiyyətdə "Kefli İsgəndər" obrazı ilə məşhurlaşmısınız. Bildiyimiz qədər hazırda içkini, siqareti tərgitmisiniz. Azərbaycan ictimaiyyəti yeni Kəramət Böyükçölü necə tanımalıdır?
- Cəmiyyət mənə ona görə "Kefli İsgəndər" deyir ki, onlar həmin obrazdan başqa heç kimi tanımır. Onu da gedib oxumayıblar, filminə baxıblar. "Martin İden"i (Cek London tərəfindən yazılmış romanın qəhrəmanı) tanısaydılar məni ona oxşadardılar. Tanımırlar axı. Hesab edirəm ki, "Kefli İsgəndər" yaxşı obraz deyil. Hətta düşünürəm ki, dərsliklərdə "Novruzəli", "Kefli İsgəndər" kimi obrazlara yer verilməsi, hansısa sistemli bir siyasəti, sovet totalitar hakimiyyətinin məqsədli bir addımı idi. Belə obrazlarla Azərbaycan xalqına deyilirdi ki, "həqiqəti deyənin əlində içki şüşəsi ola bilər, həqiqəti deyən əyyaş ola bilər". Və yaxud "Novruzəli". Onlar bu obrazla demək istəyirdilər ki, “Sən Novruzəlisən, poçt qutusuna məktub belə ata bilmirsən. Sən necə müstəqil ola bilərsən? Sən necə özünə dövlət qura bilərsən? Səni kimsə idarə etməlidir". 

Artıq mən siqareti də, içkini də tərgitdim, bunların qarşısında aciz adam olmadığımı göstərdim. Cəmiyyət artıq məni necə tanımaq istəyirsə, elə də tanıyacaq. İstəyir sevsinlər, istəyir nifrət etsinlər. İnsandır da, bir gün söyür, bir gün sevir. Mən də yazıçıyam, insanların qorxacağı məmur deyiləm ki, onları məhkəməyə və ya polisə verim. Bu insanların nə azad seçkisi var, nə müstəqil mətbuatı. (Gülərək) Neyləsinlər yazıqlar, daha Kəraməti də söyməsinlər? 

- Romanlarınızda, statuslarınızda ən yaxınlarınızı belə tənqid edirsiniz. Buna görə sizi nankor adlandıranlar da var. Bu məsələ haqqında nə demək istəyirsiniz?
- Bəli, mən həm atamı, həm anamı, həm xalqı, həm hakimiyyəti, həm də müxalifəti tənqid edirəm. Ancaq heç birinə nifrət etmirəm. Mənim tənqidlərimin məqsədi islahdır. Bəzən deyirlər ki, bu adam öz ağsaqqalını da tənqid edir, ona belə hörmət qoymur. O insanlar böyük nə dedi, doğrudur, düşüncəsi ilə yaşayan adamlardır. Mən bu düşüncəni qəbul etmirəm. Belə götürəndə düz də nisbidir. Məsələn, sən de ki, nüvə silahını yaradanlar canilərdir, əlləri insanların qanına batacaq. Çox adam sənin fikrinə doğrudur deyəcək. Amma mən deyirəm ki, nüvə silahı olmasa dünyada 100 dənə müharibə baş vermişdi. Elə bu müharibələri saxlayan məhz nüvə silahıdır. İndi sənə düzdür deyənlər mənim fikrimlə razılaşacaqlar. Yəni həyatda düz və səhv nisbidir. Sən elə bilirsən ki, getdiyin yol, dediyin söz düzdür. Başqası gəlib elə bir arqument deyər ki, ömrünü yanlışlarla yaşadığının fərqinə vararsan. Ona görə də, cahil-nadan bir adamı oyatmaq təhlükəlidir.

- Yaxın zamanda bir statusunuzu oxudum. Cəmiyyətin tənqidini də tənqid edirdiniz. Yazmışdınız ki, bizim cəmiyyət düzgün tənqid etməyi bacarmır, insanları islah etmək üçün yox, vurmaq üçün tənqid edir. Mən soruşmaq istəyirəm: Kəramət Böyükçölün tənqidləri nə qədər islahedicidir?
- Vaxt var idi, mənim tənqidlərimə görə atam çox narahat olurdu. Mənə iradlar bildirirdi. Amma elə olurdu ki, məhz mənə görə atama hansısa bir yerdə hörmətlə yanaşırdılar. Bu o deməkdir ki, tənqid etdiyim tərəf də mənim məqsədimin nifrət, qərəz olmadığını başa düşür, ona görə də mənimlə düşmənçilik etmir. Bilirsiniz, mən tənqid zamanı heç kimi hədəfə almıram. 

- Hökumət və müxalifət camiasından da?
- Bəli, adlarını çəkdiklərim belə mənim hədəfim deyil. Mən demək istədiklərimi bu obrazlardan istifadə edərək deyirəm. Heç birinə düşmənçilik bəsləmirəm.

 - Maraqlıdır, yaxın zamanda öləcəyinizi bilsəniz vəsiyyətiniz nə olardı?
- Mən ölümü rahatlıqla qəbul etmiş adamam. Amma onu da bilirəm ki, insanlara nə vəsiyyət eləsəm, yerinə yetirməyəcəklər. Yəni deyəcəm balalarıma yaxşı baxın, bir gün baxacaqlar, iki gün baxacaqlar, sonra yadlarından çıxıb gedəcək. Çünki biz qeyri-ciddi varlıqlarıq. Ona görə insanlara tövsiyəm odur ki, çalışsınlar gülüşlərini itirməsinlər. Bu dünyaya gəlmək istəyən milyardlarla insan olub ki, çoxu kanalizasiya borularının içindədir. Amma siz bu dünyaya gəlmisiniz, təbiəti, bu gözəllikləri görmək şansınız olub, çalışın xoşbəxt olun.

- Vaxt ayırdığınız üçün təşəkkür edirik, Kəramət bəy.

Yusif Sultanoğlu, Aybəniz Səfərova

Seçilən
28
1
sherg.az

2Mənbələr