Abşeron rayonu Məhəmmədi (Məmmədli) kəndində asfalt yararsız hala düşüb.
Ölkə.Az xəbər verir ki, bu barədə ssenarist, stəndapçı Alim Cəfər video paylaşıb. O, Abşeron Rayon İcra Hakimiyyəti (RİH) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin(AAYDA) adını işarələyərək qurumları laqeydlikdə ittiham edib:
“Hər şeyi demişəm artıq, daha nə deyim? Bir gün işləmədiyiniz ən yüksək səviyyədə ortaya çıxacaq.
Vallah, bu camaat yazıqdır, bir damcı məsuliyyətiniz, təəssübkeşliyiniz olsun. O boyda kəndin bir küçəsinə asfalt çəkmisiniz, qalan küçələrdə yaşıyanlar vətəndaş deyil? Abşeron rayonuna aid deyil o küçələr?
Heç olmasa, and içmək üçün asfalt çəkdiyiniz küçələrdən o biri küçələrə çıxıntı qoyun, ora qədər düşünə bilmirsiniz? Mən artıq deməyə söz tapmıram, belə laqeydlik olmaz”,- deyə o yazıb.
A.Cəfər daha sonra AAYDA-nı işarələyərək “Məhəmmədi kəndi deyilən bir ərazi var, Allaha and olsun Azərbaycan ərazisidir”,- deyə qeyd edib.
Onun paylaşımına reaksiya olaraq qurumdan bildirilib ki, küçələrin asfaltlanması ilə bağlı qaldırılan məsələ AAYDA-nın balansında deyil, yerli icra hakimiyyətinin səlahiyyətlərinə daxildir.
Abşeron RİH isə afaltlanma üçün AAYDA-ya rəsmi müraciət edildiyini açıqlayıb:
“Azərbaycanın hər yerində olduğu kimi Abşeronda, eləcə də Məmmədli qəsəbəsində daxili küçə və yollar yerli bələdiyyənin balansındadır. Buna baxmayaraq Abşeron RİH tərəfindən rayon ərazisində 40-dan çox küçənin, eləcə də Məmmədli qəsəbəsində olan küçələrin abadlaşdırılması məqsədi ilə AAYDA-ya rəsmi müraciət olunub.
Xüsusilə qeyd edirik ki, rayonun yaşayış məntəqələrində mövcud olan problemlərin aradan qaldırılmasına, küçə və yolların abadlaşdırılması və işıqlandırılmasına, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin qurulmasına köməklik göstərilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilib”.
A.Cəfər qurumların məsuliyyəti bir-birinin üstünə atmasını tənqid edib:
“Azəryol” deyir yolları siz düzəltməlisiniz. Siz deyirsiniz ki, bələdiyyə. Ümumiyyətlə, “balansındadır” sözü bu işlərdən boyun qaçırmaq üçün kifayət etmir.
Səhər bizim küçədən bir yüksək vəzifəli dövlət adamı keçəsi olsa, lap kiçik də olsa keçmə ehtimalı olsa, o dəqiqə bütün texnikaları töküb yolu asfaltlıyacaqsınız. “İcra”, “Azəryol”, “Bələdiyyə” elə gözəl mehribanlaşıb işliyəcək, can deyib, can eşidəcəksiniz”.
Ədalət naminə qeyd etməliyəm ki, Abşeron RİH asfaltın çəkilməsi üçün “Azəryol” rəsmi şəkildə müracət etdiyini deyir. Görünən odur ki, rəsmi müraciətə baxılmayıb. Hər halda o boyda RİH belə bir müraciət edibsə, cavab gəlməlidir.
Əgər bu işlərə bələdiyyə baxırsa, onda Abşeron RİH yolların asfaltlanması üçün niyə “Azəryol”a müraciət edib? O boyda RİH-i bilmir nə necə olur? Hüquqi əsası olmayan bir şeyi edərmi?
“Azəryol” da deyir ki, yolları RİH düzəltməlidir. İndi hansı qurum səhvdir? Mütləq biri səhv deyir”, - o əlavə edib.
Billurə