AZ

ABŞ və İsrailin sərt mövqeyi: İranın gələcəyi necə olacaq?

İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət beynəlxalq siyasətdə ən mürəkkəb və həssas məsələlərdən biri olaraq qalır. ABŞ və İsrailin sərt mövqeyi, Atom Enerjisi Agentliyinin monitorinq imkanlarının məhdudlaşdırılması və Tehran rəhbərliyinin nüvə fəaliyyətindən tam imtina etməməsi sanksiyaların aradan qaldırılmasını real olmayan perspektivə çevirir. Politoloqlar hesab edirlər ki, yalnız İranın öz üzərinə konkret öhdəliklər götürməsi və nüvə proqramının tam şəkildə beynəlxalq nəzarət altına verilməsi fonunda müəyyən yumşalmalar mümkündür. Hazırkı geosiyasi gərginliklər isə bu ehtimalı olduqca zəiflədir.

Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyaların yaxın müddətdə aradan qaldırılması real görünmür. Onun sözlərinə görə, İranın nüvə proqramını davam etdirməsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin ölkədə müəyyən məhdudiyyətlərlə üzləşməsi vəziyyəti daha da çətinləşdirir:

“Son İsrail–İran müharibəsi dövründə və ondan sonrakı mərhələdə İranla ABŞ arasında müəyyən mövqelərin yaxınlaşmasına baxmayaraq, Tehran nüvə proqramından tam imtina etməyə razılıq verməmişdi. Hazırda ABŞ İranın bu proqramı tam dayandırmasının tərəfdarıdır, lakin İran bu mövqeyə qarşı çıxır.

Sanksiyaların aradan qaldırılması yalnız İran real öhdəliklər götürdüyü və nüvə proqramı beynəlxalq nəzarət altında həyata keçirildiyi halda mümkündür. Əks təqdirdə, ABŞ və İsrailin sərt mövqeyi dəyişməyəcək. Çünki İranın nüvə proqramının inkişafı İsrailin təhlükəsizliyi üçün birbaşa təhdid hesab olunur və bu təhdid İran rəsmilərinin açıqlamalarında da öz əksini tapır”.

Politoloq əlavə edib ki, yaxın gələcəkdə yalnız İran tam şəkildə nüvə proqramından imtina etdiyi halda sanksiyaların ləğvi gündəmə gələ bilər, lakin bu, hazırkı şəraitdə real görünmür.

//Gülnarə Abasova, Editor.az

Seçilən
54
editor.az

1Mənbələr