BAKI, 9 sentyabr. TELEQRAF
Azərbaycan və Çinin birgə səyləri nəticəsində Çin-Avropa Dəmiryolu Ekspresi gələcəkdə daha keyfiyyətli, səmərəli və təhlükəsiz şəkildə inkişaf edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Avropa Dəmiryolu Ekspres marşrutunun 5 illiyinə və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə hərəkət edən 237-ci Yivu–Bakı qatarının qarşılanmasına həsr olunmuş tədbirdə bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan son illərdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişlənməsinə təkan vermək üçün öz coğrafi imkanlarından səmərəli yararlanır: “Prezident İlham Əliyev bu il iki dəfə Çinə səfər edib. Aprel ayında iki ölkə arasında münasibətlər hərtərəfli strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəldərək tarixi zirvəyə çatıb. Azərbaycan həmişə Çinin iqtisadi əməkdaşlığında mühüm tərəfdaş kimi çıxış edib. Təkcə bu ilin yanvar-iyun aylarında Çindən Azərbaycana 225 yük qatarı göndərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Əminəm ki, qarşılıqlı əməkdaşlıq sayəsində Çin-Avropa Dəmiryolu Ekspresi daha yüksək keyfiyyət, daha yüksək səmərəlilik və daha etibarlı təhlükəsizlik göstəriciləri ilə inkişaf edəcək”.