Güney Azərbaycanın Ərdəbil şəhərində yeni tədris ili öncəsi uşaqlara və şagirdlərə Azərbaycan dilində (türk) nağıl kitabları və maarifləndirici paketlər paylanılıb. Aksiya Yaylıq Nəşriyyatının təşəbbüsü və bölgədə fəaliyyət göstərən QHT-lərin dəstəyi ilə həyata keçirilib.
Hafta.az-ın yazdığına görə, paketlərə türk hekayə kitabları, həmçinin dəftərlər, rəsm ləvazimatları, rəngli karandaşlar və pozanlar kimi müxtəlif dəftərxana ləvazimatları daxildir.
Güney Azərbaycan TV-nin (GünAz TV) xəbərinə görə, 2019-cu ilin noyabr ayından rəsmi lisenziya ilə Azərbaycan mədəniyyətinə aid əsərlər nəşr edən Yaylıq Nəşriyyatı Güney Azərbaycanda azsaylı ixtisaslaşmış mərkəzlərdən biri kimi tanınır. Lakin nəşriyyatın ofisi 2025-ci il mayın 10-da Ərdəbil Vilayəti Kəşfiyyat İdarəsi tərəfindən möhürlənib və onun direktoru Sadullah Donyevi Muğanlı həbs olunmaqla hədələnib. Nəşriyyatın lisenziyasının ləğv edilməsi üçün təhlükəsizlik qüvvələrinin təzyiqi ilə hədəfə alındığı bildirilir.