AZ

Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr rəssamı, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq rəssamı Nazim Bəykişiyev 8 sentyabr 2025-ci il tarixində, 77 yaşında vəfat edib. 

OLAY yazır ki, Mədəniyyət Nazirliyi bununla bağlı nekroloq yayıb. Nekroloqda yazılıb:

“Nazim Zöhrab oğlu Bəykişiyev 29 iyun 1948-ci ildə Bakıda anadan olub. 1969-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq bölməsini bitirib. Rusiya Teatr Sənəti Akademiyasında (Moskva, QİTİS) quruluşçu rəssam ixtisası üzrə (SSRİ Xalq artisti Sergey Obraztsovun sinfi) təhsil alıb. 1975-ci ildə həmin təhsil ocağından məzun olduqdan sonra Rusiyanın Orconikidze (indiki Vladiqafqaz) şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam işləyib.

Daha sonra fəaliyyətini Vətəndə davam etdirən Nazim Bəykişiyev 

Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rəssam (1978-1980), Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr; 1980-1991) və Gənclər Teatrında (1991-2001) baş rəssam kimi bir çox səhnə əsərlərinə bədii tərtibat verib. 2001-ci ildən Akademik Milli Dram Teatrının baş rəssamı kimi fəaliyyət göstərib. 

O, S.Rəhmanın “Əliqulu evlənir”, H.Cavidin “İblis” və “Afət”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Müsyö Jordan və dərviş Məstəli şah”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, “Generalın son əmri”, V.Şekspirin “Hamlet”, O.İoselianinin “Kaş araba aşmayaydı”, J.Koktonun “İnsan səsi”, A.Məsudun “Qatarın altına atılan qadın”, V.Hüqonun “Qadın məhəbbəti”, Elçinin “Qatil”, M.Qavranın “Qəribə, çox qəribə əhvalat”, C.Məmmədquluzadənin “Dəli yığıncağı” və s. tamaşaların quruluşçu rəssamı olub.

Nazim Bəykişiyev uzun illər çalışdığı Azərbaycan Rəssamlıq Akademiyasında yeni rəssamlar nəslinin yetişdirilməsinə də öz töhfəsini verib. 

Milli teatr sahəsindəki xidmətləri və uzunillik yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilən sənətkar 1984-cü ildə Dövlət mükafatına, 2002-ci ildə “Əməkdar rəssam”, 2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 2009-cu ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq rəssamı Nazim Bəykişiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.

Seçilən
18
2
olay.az

3Mənbələr