Şirvan Şəhər İcra Hakimiyyəti və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhəri İsmət Qayıbov adına Mədəniyyət və İstirahət parkına yaxın Kür çayının mühafizə zolağında təmizlik aksiyası keçirilib.
Adıçəkilən idarənin və şəhərin kommunal-təsərrüfat və xidmət sahələrinin ekokönüllülərinin, eləcə də digər qurum nümayəndələrinin iştirak etdiyi aksiyada Kür çayının sahil zolağına atılmış ümumi həcmi 125 kiloqram məişət tullantıları, xüsusilə də plastik qablar, polietilen torbalar təmizlənərək zərərsizləşdirilməsi üçün şəhər məişət tullantıları poliqonuna daşınıb.
Ümumilikdə 80 nəfərlik aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.
"Azərbaycan"