AZ

Azərbaycan hüquqi dövlət olaraq möhkəmlənir və inkişaf edir

Xalqımız bu gün əsrlər boyu arzusu ilə yaşadığı, uğrunda gərgin mübarizə apardığı müstəqil, suveren, qalib bir dövlətə sahibdir. Bir-birindən qəhrəman olan əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti olan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa edilib. Bu, müasir Azərbaycan tarixinin ən mühüm, ən şərəfli və qürur dolu səhifəsidir. 

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. Ərazi bütövlüyümüz uğrunda başlanan müharibədə şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın davam edən işğala son qoydu. 44 günlük Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərən zabitlərimiz, əsgərlərimiz iştirakçısı olduqları döyüşlərdə böyük Zəfər qazandılar. Atəşin səngimədiyi, silahların susmadığı, topların gurladığı həmin günlərdə xalqımıza böyük sevinc yaşatdılar. Qazanılan Zəfər nəticəsində şəhər və kəndlərimiz erməni işğalçılarından azad olundu. Qanlı döyüşlərdə əldə edilmiş qələbələrə baxmayaraq, erməni separatçıları və Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri Qarabağ torpaqlarından çıxmadı. Separatçılar sülh çağırışlarına baxmayaraq, silahı yerə qoymaq,  Azərbaycanın suveren ərazilərini tərk etmək istəmirdilər. 

Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını bərpa etmək, suveren Azərbaycanın ərazilərinin qəsbinə son qoymaq üçün güclü, qüdrətli Azərbaycan Ordusu 19 sentyabr 2023-cü ildə Qarabağda antiterror əməliyyatı həyata keçirməyə başladı. Uğurla başlanan əməliyyat 23 saat davam etdi. Artıq sentyabrın 20-də erməni separatçıları ağ bayraq qaldıraraq silahlarını yerə qoydular. Rəşadətli Azərbaycan Ordusu qısa müddət ərzində qarşıya qoyulmuş bütün tapşırıqları peşəkarlıqla yerinə yetirdi. Gücünü, qüdrətini həm düşmənlərə, həm də dostlara göstərdi. Ordumuzun antiterror əməliyyatı zamanı qazandığı tarixi Zəfər nəticəsində Azərbaycan böyük bir uğura imza atdı, dünya tərəfindən tanınmış bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Azərbaycanın üçrəngli bayrağı ölkəmizin bütün ərazilərində qürur və iftixarla dalğalanmağa başladı. Beləliklə, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik, hərtərəfli düşünülmüş siyasəti, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına böyük Zəfər salnaməsi yazıldı. Bu tarixi salnamə ilə Azərbaycan xalqının bütün nəsilləri fəxr edəcək. 

1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulmuşdu. Amma 1991-1993-cü illərdə hakimiyyətdə olanların yarıtmaz fəaliyyəti, demək olar ki, fəaliyyətsizliyi nəticəsində ölkədə Konstitusiyanın qəbulu mümkün olmadı. Həmin illərdə dövlətin daxilindəki özbaşınalıq, idarəçilik mexanizmlərinin formalaşdırılmaması vətəndaşların azad, hüquqi təminatını da təhlükə qarşısında qoymuşdu.

Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı qətiyyətlə alındı. Qısa zaman ərzində ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı və olduqca əlverişli zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

 1995-ci il noyabrın 12-də ilk konstitusiyamızın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri kimi tarixə yazıldı. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub.

Konstitusiyaya müvafiq olaraq Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Ümummilli Lider Heydər Əliyev demişdir: "Konstitusiya xalqın Konstitusiyasıdır, hər bir vətəndaşın Konstitusiyasıdır".

Azərbaycanın Əsas Qanunu eyni zamanda milli inkişafın dərin siyasi-hüquqi əsaslarını formalaşdırdı. Xalqın səsverməsi yolu ilə qəbul olunmuş ilk konstitusiya Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Konstitusiya ölkəmizdə hakimiyyət bölgüsünü təmin etməklə yanaşı, subyektlərin fəaliyyətinə hüquqi zəmində əlverişli şərait yaradır. Həyata keçirilən islahatların davamlılığını təmin edir, vətəndaşların hüquq və azadlıqlarını özündə əks etdirir.

Həyatda dəyişilməyən, təkmilləşməyən, əbədi-əzəli heç nə yoxdur. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş konstitusiyamızda sonrakı illər müəyyən dəyişiklik və əlavələr olundu. Konstitusiyaya edilən əlavə və dəyişikliklər özündə müasir çağırışları və yenilikləri əks etdirdi. 24 avqust 2002-ci il, 18 mart 2009-cu il, 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsi - referendumlarda həyata keçirilən əlavə və dəyişikliklər qanunvericilik bazasının zənginləşməsi, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsi, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması istiqamətlərində müstəsna əhəmiyyət daşıyır.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyət və məqsədlərdən biri kimi göstərilir. Amma təəssüflər olsun ki, 30 ildən çox davam etmiş erməni işğalı suveren hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqinə imkan verməmişdir. Ermənistan beynəlxalq hüquq və normaları pozaraq uzun illər torpaqlarımızı işğal altında saxlamışdı. Müstəqillik dövründən indiyə qədər ölkəmiz bütün daxili, hərbi resurslarını Qarabağ probleminin həllinə, konstitusiya ilə bəyan edilmiş suveren hüquqlarımızın bərpasına səfərbər etmişdir. Ona görə də Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan mübarizəni, həm də konstitusiyanın müddəalarının bərpası uğrunda aparılan bir mübarizə  kimi xarakterizə etmək olar.

Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncami ilə sentyabrın 20-si ölkəmizdə "Dövlət Suverenliyi Günü" elan edilib. Qazandığı bu qalibiyyəti ilə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlar isə ölkəmizi və xalqımızı yeni uğurlara aparır.

Azərbaycan Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncam imzalayıb. Çox mühüm əhəmiyyətə malik olan bu sərəncam tarixi Zəfərimizin regionda və dünyada yaratdığı yeniliklərin, reallıqların, eyni zamanda 1995-ci ildə konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin inkişafında mühüm  rol oynayacaq.

 Sevindirici haldır ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, getdikcə regionda və dünyada artan söz sahibliyindən, iqtisadi gücündən qürur və iftixar hissi ilə danışırıq. Azərbaycan Respublikasının qanunlarının aliliyinin, suverenliyin əbədiliyinin təmini üçün hamımız bu mühüm ali dəyərləri göz bəbəyimiz kimi qorumalıyıq. 

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
85
azerbaijan-news.az

1Mənbələr