AZ

ABŞ Rusiyaya qarşı növbəti sanksiyalara hazırlaşır

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların yeni mərhələsinə hazır olduğunu bildirib. Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hassett "CBS News"a bildirib ki, ABŞ tezliklə Rusiyanın Ukraynaya endirdiyi son zərbələrdən sonra Kremlə qarşı yeni sanksiyaların tətbiqi imkanını müzakirə edəcək. O əlavə edib ki, son qərarı dövlət başçısı verəcək.

Bir neçə ildir sanskiyalarla üz-üzə qalan Rusiya hələ də müharibəni davam etdirir. Yeni məhdudiyyətlərin Rusiyaya necə təsir edəcəyi ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov qəzetimizə açıqlamasında bildirib ki, bundan sonra tətbiq edilən sanksiyaların bu günə qədərkilər kimi icra prosesi nəzarətsiz qalacaqsa, o zaman heç bir sanksiya gözlənilən nəticəni verə bilməyəcək: "Əgər bu günə kimi qadağalara məntiqi ardıcıllığı ilə əməl edilərdisə, o zaman Rusiya üç-dörd il ərzində belə ayaqda qala bilməzdi. Bir çox böyük dövlətlər və şirkətlər Rusiyanın bu vəziyyətindən öz mənafeləri üçün istifadə edirlər. Yəni Kremlin sanksiyalardan yayınmasına imkan yaradaraq özləri də qazanırlar. Bura bir sıra Avropa ölkələri, Ermənistan, Hindistan və digərlərini aid edə bilərik".

E.Əmirov qeyd edib ki, ABŞ əgər nəticə istəyirsə, birmənalı şəkildə sanksiyaları Kremlin yayınmasına xidmət edən ölkələrə də tətbiq etməlidir. "Bu halda cəza sistemi müsbət nəticəsini verə bilər, çünki bu sanksiyalar Rusiyanın müharibəni davam etdirmək gücünü aşağı salmağı hədəfləyir. Müharibə kifayət qədər bahalı prosesdir, onu davam etdirmək üçün böyük maliyyə vəsaitlərinə ehtiyac var. Məhz bu sanksiyalar Rusiyanın maliyyə vəsaitləri əldə etməsinin qarşısını almağa yönəlib. Eyni zamanda təchizat zəncirində problemlər yaradaraq bu və ya digər sahələrin inkişafının qarşısını alır", - deyə o bildirib. 

Ekspert vurğulayıb ki, sanksiyaların yeni mərhələsi işlək olarsa, o zaman son 3 ildə görmədiyimiz nəticəni qarşıdakı bir ildə görə bilərik.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
45
azerbaijan-news.az

1Mənbələr