AZ

Trampın müşaviri: BRİKS ölkələri ABŞ bazarı olmadan yaşaya bilməz...

Piter Navarronun sözlərinə görə, BRİKS üzvləri ixracdan asılıdır və ABŞ-nin iqtisadi dəstəyi olmadan dağılmaq riski ilə üz-üzədirlər...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə baş müşaviri Piter Navarro BRİKS ölkələrinin iqtisadi dayanıqlığı ilə bağlı sərt açıqlamalar verib. Onun sözlərinə görə, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika kimi ölkələr ABŞ-a ixrac etmədən iqtisadi cəhətdən mövcudluqlarını qoruya bilməzlər.

Navarro “Real America's Voice” telekanalına müsahibəsində bildirib ki, BRİKS üzvlərinin bütün ixrac strategiyası Amerika bazarına bağlıdır.

“Bu ölkələrin heç biri ABŞ-a məhsul satmadan yaşaya bilməz. Onlar öz ixracatlarını bizim bazara yönəldərək, vampir kimi bütün qanımızı sormağa çalışırlar. Onların tətbiq etdiyi ədalətsiz ticarət praktikaları ABŞ iqtisadiyyatına zərbə vurur və biz bunu açıq şəkildə görürük”, deyə Trampın müşaviri bildirib.

Navarro həmçinin BRİKS-in birliyinin davamlılığına şübhə ilə yanaşıb. Navarronun fikrincə, təşkilat daxilində siyasi və iqtisadi ziddiyyətlər kifayət qədər dərin olduğundan, ölkələrin uzunmüddətli əməkdaşlığı şübhə altındadır.

“Onlar arasında çox ciddi nifrət və rəqabət var. Açıq desək, BRİKS üzvləri bir-birinə qarşı düşmən münasibəti bəsləyirlər və hər fürsətdə bir-birlərini zəiflətməyə çalışırlar. Bu qədər daxili gərginlik fonunda onların vahid güc kimi çıxış etməsi real görünmür”, deyə Ağ Evin nümayəndəsi vurğulayıb.

Ekspertlər qeyd edirlər ki, Tramp administrasiyası BRİKS-in artan nüfuzunu və xüsusilə Çinin qlobal bazarlardakı güclənməsini ciddi təhlükə kimi qiymətləndirir. ABŞ-nin ticarət siyasətində sərt ritorikanın güclənməsi isə yaxın gələcəkdə yeni iqtisadi qarşıdurmaların başlaya biləcəyindən xəbər verir.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr