AZ

UEFA “Qarabağ”ın rəqibinin futbolçusunu 10 aylıq cəzalandırdı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan “Atletik”in müdafiəçisi Yeray Alvares 10 aylıq diskvalifikasiya edilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçu antidopinq qaydalarını pozduğuna görə belə ağır cəza ilə üzləşib. Qeyd olunur ki, Alvares ötən mövsüm Avropa Liqasının “Mançester Yunayted”lə (İngiltərə) ilk yarımfinal oyunundan sonra dopinq testi verib və müsbət nəticə göstərib.

Onun cəza müddəti iyunun 2-dən hesablanmağa başlayıb. Diskvalifikasiya 2026-cı il aprelin 2-də başa çatacaq.

Xatırladaq ki, 30 yaşlı Yeray Alvares 2016-cı ildən “Atletik”də çıxış edir. Təcrübəli mərkəz müdafiəçisi bu komanda ilə 2021-ci ildə İspaniya Super Kubokunu, 2024-ci ildə isə İspaniya Kubokunu qazanıb. Karyerası ərzində yalnız Bilbao klubunun uğurları üçün çalışmış futbolçu bu komandanın heyətində meydana çıxdığı 257 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Alvares İspaniyanın U-21 millisinin heyətində 2 oyuna çıxsa da, əsas millidə debüt şansı qazanmayıb.

“Atletik”lə “Qarabağ” arasında baş tutacaq oyun oktyabrın 22-də İspaniyada keçiriləcək.

error: Məzmun qorunur!
Seçilən
51
2
arena.az

4Mənbələr