AZ

Husilərin İsrail aeroportlarına hücumları: Regiondakı müharibənin yeni zləri

Son aylar Yaxın Şərqdə baş verən hadisələr göstərir ki, münaqişə artıq yalnız Qəzza ilə məhdudlaşmır. Yəməndə fəaliyyət göstərən və “Ənsar Allah” adı ilə tanınan husilər İsrailə qarşı həyata keçirdikləri hücumlarla gündəmə gəliblər. Bu hücumların ən səs-küylüsü isə İsrailin iki beynəlxalq hava limanına – Tel-Əviv yaxınlığındakı Ben-Qurion və Eilat şəhərindəki Ramon aeroportlarına endirilən zərbələr oldu.

2025-ci ilin may ayında husilər İsrailin ən iri hava limanı sayılan Ben-Qurion aeroportunu hədəfə aldılar. Hədəfə çatmasa da, raket aeroport ətrafında partlayaraq yaxınlıqdakı yollara və maşınlara ciddi ziyan vurdu. Nəticədə səkkiz nəfər yaralandı. Bu hadisə İsrail üçün təhlükənin yalnız Livan və Qəzzadan gəlmədiyini, minlərlə kilometr uzaqda yerləşən Yəməndən də ölkənin strateji obyektlərinin vurula biləcəyini açıq şəkildə göstərdi.

Sentyabr ayında isə diqqət cənuba yönəldi. Husilərə məxsus pilotsuz uçuş aparatı Eilat yaxınlığında yerləşən Ramon aeroportunu vurdu. Partlayış terminalın giriş hissəsində baş verdi, iki nəfər xəsarət aldı. Aeroportun fəaliyyəti bir neçə saat dayandırılsa da, daha sonra işini bərpa etdi. Bununla belə, hadisə İsrailin turizm bölgəsində təhlükəsizliklə bağlı ciddi narahatlıq yaratdı.

Bu hücumların hər ikisi simvolik xarakter daşıyır. Aeroportlar yalnız nəqliyyat mərkəzi deyil, həm də ölkənin iqtisadi sabitliyi və beynəlxalq imicinin rəmzidir. Onlara edilən zərbələr İsrailin “toxunulmaz” hesab edilən məkanlarının belə hədəfə çevrilə biləcəyini göstərir.

Eyni zamanda, bu hücumlar husilərin silah arsenalının və uzaqmənzilli imkanlarının genişləndiyini sübut edir. Dron və raketlərin minlərlə kilometr məsafəni qət edib İsrail ərazisinə çatması artıq təkcə lokal təhlükə deyil, bütün bölgə üçün strateji riskdir.

İsrail indi faktiki olaraq çoxcəbhəli müharibə təəssüratı yaradan vəziyyətlə üz-üzədir. Qəzza, Livan, Suriya və indi də Yəmən istiqamətindən gələn təhlükələr ölkənin hava müdafiəsini daimi gərginlikdə saxlayır. Bu isə həm maliyyə, həm də hərbi baxımdan ağır yükdür.

Seçilən
43
aznews.az

1Mənbələr