Bakı, 8 sentyabr, AZƏRTAC
Çin və Azərbaycan İkinci Dünya müharibəsindəki Qələbəyə əvəzsiz tarixi töhfə verib. Hər iki ölkə çoxtərəfliyin, beynəlxalq bərabərliyin və ədalətin müdafiəsində əsas qüvvələrdir.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə son səfərinin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
“Çin xalqı çox böyük qurbanlar hesabına bəşər sivilizasiyasının xilas edilməsinə və bütün dünya sülhünün qorunmasına əhəmiyyətli töhfələr verib. Çin xalqı bəşər sivilizasiyasının tərəqqisində möhkəm durur, dinc inkişaf yoluna sadiqdir və bütün ölkələrin xalqları ilə birlikdə bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyət qurur”, - deyə Lu Mey qeyd edib.
Səfirin sözlərinə görə, paradda bir sıra qabaqcıl silahlar, o cümlədən hipersəs silahları, pilotsuz intellektual sistemlər, hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri, strateji raketlər və s. nümayiş etdirilib.