“Təəssüf ki, Macarıstanın mövqeyi Ukrayna müharibəsi məsələsində Avropaya yaraşan deyil. Düzdür, Macarıstan bizimlə eyni sıradadır və Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü kimi qədim türk köklərinə malikdir. Bu baxımdan bəzi yaxınlıqlar təbiidir. Amma hər bir dövlət ədalətli mövqe tutmalıdır, xüsusilə də Ukraynaya Rusiyanın təcavüzü ilə bağlı. Faktiki olaraq, Macarıstan Avropa Birliyinin çevik qərarlarını əngəlləməklə Rusiyanı həvəsləndirir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Almaniya və Macarıstan arasında münasibətlərdə gərginlik artır. İki ölkənin Rusiya-Ukrayna müharibəsinə fərqli yanaşmaları bu vəziyyəti dərinləşdirir. Berlin hesab edir ki, Budapeştin Aİ-nin Ukraynaya dair qərarlarına veto tətbiq etməsi təkcə qayda pozuntusu deyil, həm də Avropanın təhlükəsizliyinə ciddi təhdiddir. Bu problem yalnız iki ölkə arasındakı fikir fərqi ilə məhdudlaşmır, eyni zamanda Avropa Birliyinin xarici siyasətinin işləmə mexanizmləri və NATO ilə əlaqələr üçün də böyük sınaqdır.
Siyasi şərhçi bildirib ki, Macarıstanın bu davranışı Rusiyanın mövqeyini gücləndirir.
“Avropanın təhlükəsizliyi üçün isə bu, ciddi risk yaradır: Rusiya Ukraynada kiçik də olsa uğur qazansa, gələcəkdə Avropaya yönələ bilər və Macarıstan bu zaman risk altında qalacaq. Buna görə də düşünürəm ki, Avropa Birliyi Macarıstan məsələsini ayrıca müzakirə etməlidir. Hətta imkan olsa, Macarıstanın gələcəkdə Aİ-dən çıxarılması Avropa Birliyinin çevikliyini qorumaq baxımından faydalı ola bilər, çünki Macarıstanın veto hüququ birlikdə hər addımı əngəlləyir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az