AZ

4 il oxuyub tibb bacısı olmağın hansı üstünlüyü var?

2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmə başa çatıb. 

Müsabiqənin nəticələrinə əsasən, 57236 nəfər (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

DİM-in məlumatına görə, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etdikdə, bu il tələbə adını qazananların sayının daha da artması müşahidə edilir. Son günlər qəbul prosesi ilə bağlı müzakirə olunan mövzulardan biri də eyni ixtisasın hən universitetlərdə, həm də kolleclərdə fəaliyyət göstərməsidir. 

Bununla bağlı təhsil üzrə ekspert Əmrah Həsənli bildirib ki, ali təhsildə bəzi ixtisasların kadr hazırlığı əslində orta ixtisas səviyyəsində də tam təmin olunur:

“Məsələn, tibb bacısı (qardaşı) və əczaçılıq sahəsi. Burada kollec məzunu da, universitet məzunu da eyni işi görür, eyni maaş alır. 

Burada əlavə üstünlük yoxdur. Hər iki halda bu peşə sahibləri ən çox baş tibb bacısı (qardaşı) ola bilirlər. Amma həkim və ya daha yüksək ixtisas tələb edən sahələr bu istiqamətdən yetişmir. Bu isə sual doğurur: ali təhsildə bu ixtisasları saxlamağa həqiqətən ehtiyac varmı?

Məncə, belə peşələr daha çox kolleclərdə gücləndirilməli, universitetlər isə yüksək ixtisaslaşma və elmi inkişaf tələb edən sahələrə fokuslanmalıdır. Bu yanaşma həm gənclərin vaxtına qənaət edər, həm də ölkə üçün resursların daha səmərəli istifadəsinə xidmət edər”. 

Azərbaycan Tibb Universitetində və Qarabağ Universitetində Tibb bacısı işi və Əczaçılıq ixtisası fəaliyyət göstərir. Onların tibb kolleclərindən hansı fərqi var? 

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən “Cebheinfo.az”-a bildirilib ki, ATU-da Tibb bacısı işi ixtisası üzrə bakalavr təhsili 2020-ci ildən həyata keçirilir. “Kolleclərdən fərqli olaraq aşağıdakılar mümkündür: 

1. Bakalavr təhsili Bolonya bəyənnaməsinə uyğundur və bununla bağlı məzunlar sonraki təhsillərini magistratura və doktorantura səviyyəsində davam edə bilərlər. 

2. Bakalavr tibb bacıları/qardaşları magistr pilləsini bitirdikdə ali və orta təhsill müəssisələrində müəllim işləyə bilərlər. 

3. Magistrantlar öz sahəsi üzrə elmi-tədqiqat işlər apararaq, elmi-tədqiqat institutlarında, ali təhsil müəssisələrində elmi işçi kimi fəaliyyət göstərə bilərlər. 

4. Magistr pilləsini bitirən məzunlar dövlət və şəxsi tibb müəssisələrində, klinikalarda menecer kimi vəzifələrdə çalışa bilərlər. 

Bütün bunlar yalnız bakalavriat bitirən və təhsilini davam edən tibb bacısı/qardaşı ixtisasların məzunlarına aiddir. Kollecləri bitirən məzunlar bakalavr olmadığından, yuxarıda sadalanan imkanlara malik deyillər”. 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr