Roman Abramoviçin adı ətrafında yenidən söz-söhbətlər yaranıb, lakin onun nümayəndələri əminliklə bildirirlər ki, Cersi adasında iş adamına qarşı cinayət işi yoxdur.
Publika.az xəbər verir ki, bu barədə TASS-a biznesmenin nümayəndəsi məlumat verib.
"Cənab Abramoviçin hər hansı cinayət fəaliyyəti ilə məşğul olması ilə bağlı iddialar həqiqətə uyğun deyil", - onun sözçüsü bildirib.
O, həmçinin əlavə edib ki, Abramoviçə qarşı heç bir ittiham yoxdur və Cersidə onun adı ilə bağlı heç bir cinayət işi davam etdirilmir.
Onun sözlərinə görə, mətbuatda yazılanların hamısı faktlarla təsdiqlənməyən spekulyasiyadan başqa bir şey deyil.
Qeyd edək ki, Britaniyanın “The Guardian” nəşrində yer alan xəbər media məkanında araşdırmaya səbəb olub. Jurnalistlər Cersi hakimiyyətinin rus milyarderə qarşı təhqiqata başladığını iddia ediblər. Nəşr sənədlərə istinad edərək, adanın hüquq-mühafizə orqanlarının sahibkarın başlanğıc kapitalının mənşəyi ilə maraqlandığını iddia edib.