Son illərdə Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitlik məsələləri Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları ilə sıx bağlıdır. Xüsusilə 2020-ci ildən sonra formalaşan yeni geosiyasi reallıq tərəfləri sülh müqaviləsinin imzalanmasına daha yaxınlaşdırsa da, hələ də həllini gözləyən prinsipial məqamlar qalmaqdadır. Bu məqamların başında isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi gəlir. Azərbaycan mövqeyinə görə, Ermənistanın Konstitusiyasında mövcud olan ərazi iddiaları yalnız ikitərəfli münasibətlərin deyil, həm də regionda uzunmüddətli sabitliyin əsas maneəsidir. Belə bir şəraitdə Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən sülh sazişinin hüquqi və siyasi zəmanət yaratması mümkün hesab olunmur.
Siyasi analitik Aydın Quliyev Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması uzun müddət Azərbaycanın ciddi önəm verdiyi iki əsas şərtdən asılı idi:
“Həmin şərtlərdən biri artıq praktik mərhələyə daxil olmuş Minsk Qrupunun buraxılması idi. Digər əsas şərt isə Ermənistan Konstitusiyasının dəyişdirilməsidir ki, bu da hazırda sülh müqaviləsi yolunda yeganə böyük maneə olaraq qalır.
Azərbaycan bu məsələnin beynəlxalq müzakirə gündəliyinə daxil edilməsinə nail olub. Artıq mötəbər beynəlxalq dairələrdə də qəbul olunub ki, sülh müqaviləsinin imzalanması Ermənistan Konstitusiyasının dəyişdirilməsindən asılıdır. Beləliklə, Konstitusiya dəyişikliyi sülh sazişi üçün qaçılmaz və məcburi şərtə çevrilib”.
Aydın Quliyevin fikrincə, Azərbaycanın bu mövqeyi prinsipialdır və dəyişməyəcək:
“Ermənistan Konstitusiyası dəyişdirilmədən sülh prosesinin yekunlaşması gözlənilmir. Hətta Konstitusiya dəyişikliyi sülh sazişi imzalandıqdan sonra ratifikasiya mərhələsinə qədər təxirə salınsa belə, Azərbaycan buna razı olmayacaq. Çünki Azərbaycanın mövqeyi birmənalıdır: sülh müqaviləsi yalnız uzunmüddətli perspektiv üçün və Ermənistanda revanşist qüvvələrin ərazi iddialarını hüquqi-siyasi baxımdan tam aradan qaldıracaq zəmanətlə imzalana bilər”.
//Gülnarə Abasova, Editor.az