AZ

Trans-Xəzər qaz kəməri üçün tarixi şans yaranıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Trans-Xəzər qaz kəmərinin çəkilişi üçün tarixi şans yaranıb. Bu kəmər regional inkişafa töhfə verməklə yanaşı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq. ABŞ vaxtı ilə Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin çəkilməsini dəstəklədiyi kimi Trans-Xəzər qaz kəmərinin çəkilməsini də dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlə ABŞ-ın Hadson İnstitutunun elmi əməkdaşı Lyuk Koffi (Luke Coffey) “Eurasia review” portalında dərc etdirdiyi məqaləsində bildirib.

Müəllif nəzərə çatdırıb ki, ABŞ artıq Cənubi Qafqaz regionuna siyasi nüfuz etmək imkanı qazanıb. Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də Ağ Evdə görüşü və bu görüşün nəticəsi olaraq Birgə Bəyannamənin imzalanması, eləcə də hər iki ölkənin xarici işlər nazirlərinin “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflaması və Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampın “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nu imzalanması rəsmi Vaşinqtonun regiona siyasi nüfuz etmək imkanlarını artırıb. Zəngəzur dəhlizinin TRIPP (“Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) adlandırılması da təsadüfi deyil.

Ekspert hesab edir ki, bütün resurslarını Ukrayna ilə müharibəyə yönəldən və beynəlxalq iqtisadi sanksiyalara məruz qalan Rusiyanın ekologiyanı qorumaq bəhanəsi ilə Trans-Xəzər qaz kəmərinin çəkilişinə maneə olmaq iqtidarı qalmayıb. Sözügedən kəmərin çəkilməsi ideyası 1990-cı ildən mövcuddur. Lakin Türkmənistanın Rusiyadan ehtiyat etməsi layihənin reallaşmasını ləngidirdi. Türkmənistan hasil etdiyi təbii qazını əsasən Çinə ixrac edir. Lakin Rusiyanın da Çinə qaz ixracını nəzərə alsaq onda aydın olur ki, enerji resurslarının ixracının şaxələndirilməsi rəsmi Aşqabadın maraqlarına uyğundur və Türkmənistan öz qazını Avropa bazarlarına da çıxara bilər. Cəmi 280 kilometr uzunluğunda qaz kəmərinin çəkilməsi regionun iqtisadi inkişafında əhəmiyyətli rol oynaya bilər. Burada söhbət yalnız iqtisadi dividendlər deyil, həmçinin siyasi dəstək və dayanıqlı sabitlik qazanmaq da region ölkələrinin geosiyasi maraqlarının təmin olunmasına xidmət edər.

L.Koffi hesab edir ki, Vaşinqton səfərini uğurla yekunlaşdıran Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana səfəri və Türkmənistan Xalq Məclisinin sədri Qurnabqulu Berdiməhəmmədovla görüşü də təsadüfi deyildi. Görüşün isə Türkmənbaşı şəhərində keçirilməsi simvolik xarakter daşıyırdı, çünki Türkmən qazını Azərbaycana buradan isə Avropaya nəql edəcək Trans-Xəzər qaz kəmərinin başlanğıcı bu şəhərdəndir.

Analitik materialda o da vurğulanıb ki, bu layihənin reallaşmasında Avropa dövlətləri də maraqlıdırlar. Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiya qazından tamamilə imtina edən Avropa İttifaqı enerji təhlükəsizliyini təmin etmək üçün enerji idxalını şaxələndirməyə cəhd edir.

Ekspert nəzərə çatdırır ki, ABŞ-ın iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi uğurla nəticələnsə, onda Türkmənistan qazı Zəngəzur dəhlizi (TRİPP) ilə daha qısa məsafə qət edərək Türkiyə və Avropaya nəql edilər. Azərbaycanın tranzit daşımalar üçün böyük potensialı var.

Məqalədə vurğulanır ki, təbii qazın sıxılmış formada ixracı və idxalı olduqca baha başa gəlir. Bu baxımdan təbii qazın kəmər vasitəsilə nəql olunması həm təhlükəsiz həm itkisiz, həm də ucuz başa gəlir.

Hələ 1990-cı ildə Türkmənistan Azərbaycan üzərindən tranzit olaraq Avropaya ildə 30 milyard kubmetr təbii qaz ixrac etməyi planlaşdırmışdı. Lakin Xəzərin hüquqi statusu məsələsinin ortaya atılması bu planın real olmasını əngəllədi. Bu gün isə geosiyasi konfiqurasiya tamamilə dəyişib və Trans-Xəzər qaz kəmərinin çəkilişi reallaşa və regiona dayanıqlı iqtisadi inkişaf və siyasi sabitlik qazandıra bilər.

Seçilən
68
azertag.az

1Mənbələr