AZ

Babəkin yaxın cəngavərlərindən biri Cəlilabadda yaşayır - FOTO

CƏLİLABAD, 8 sentyabr. TELEQRAF

Əli Əliyevin adını çoxları tanımır. Amma onu hər kəs ən azı bir dəfə mavi ekranlarda görüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Əli Əliyev məşhur “Babək” filmində epizodik obrazlardan birini canlandırıb.

1979-cu ildə Bədən Tərbiyəsi İnstitutunun tələbəsi olan Əli Əliyev yaxın dostunun dəvəti ilə filmə çəkilmək məqsədilə “Azərbaycanfilm” kinostudiyasına yollanır. Kastinqlərdə iştirak etdikdən sonra filmin ikinci rejissoru Arif Rüstəmov onun aktyorluq keyfiyyətini bəyənir və dərhal çəkilişlərə dəvət edir.

“Bir il ərzində 5-6 dəfə pavilyon çəkilişlərində olduq. Sonra Ramana qalasında çəkilişlərə qatıldıq. 1979-cu ilin yayında isə ayyarımlıq Naxçıvan səfəri baş tutdu. "Babək" filmində əsasən atlı süvarilərin tərkibində görünürdüm. Amma bir səhnədə Babəkin yaxın cəngavərlərindən biri kimi xüsusi planda çəkildim”, – deyir Əli Əliyev.

Cəlilabad rayonunun Dağlıq Yusublu kəndində böyüməsi onun dağlı-daşlı ərazilərdə at çapmasına və relyeflə bağlı digər səhnələri asanlıqla canlandırmasına imkan yaradıb.

İxtisasca aktyor olmasa da, rolu peşəkarlıqla ifa etməsi digər rejissorların diqqətini çəkib. “Babək”dən sonra başqa filmlərə çəkilməyə təkliflər gəlib, amma təhsil aldığı institutun rəhbərliyi buna icazə verməyib. Beləliklə, kino sahəsindən uzaqlaşmağa məcbur olub.

Cəmi bir filmdə rol alan Əli Əliyev həyatının sonrakı illərində bədən tərbiyəsi müəllimi və məşqçi kimi fəaliyyət göstərməklə kifgayətlənib.

Seçilən
24
teleqraf.com

1Mənbələr