ABŞ prezidenti Donald Tramp Ukrayna hədəflərinə iri hava hücumundan sonra Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməklə hədələyib.
Publika.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Donald Tramp Moskvanın Ukrayna ilə münaqişədə ən böyük hava hücumuna başlamasından bir neçə saat sonra Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazır olduğunu bildirib.
ABŞ prezidentdən Moskvanın cəzalandırılmasının ikinci mərhələsinə keçməyə hazır olub-olmadığını soruşduqda, Tramp “Bəli” cavabını verib.
Xatırladaq ki, bir müddət əvvəl Hindistanın Rusiya neftini almasına görə artıq cəza olaraq 50 faiz rüsum tətbiq edən Donald Tramp Rusiyaya təzyiqin ikinci və üçüncü mərhələsinin mümkünlüyünə işarə edib.
“Sky News” xəbər verir ki, onun son hədəsi ABŞ-ın maliyyə naziri Skott Bessentin fikirləri ilə səsləşir, o deyib ki, ABŞ və Avropanın əlavə iqtisadi təzyiqləri Moskvanı Ukrayna ilə sülh danışıqlarına başlamağa təşviq edə bilər.
Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, son hücum Rusiya liderlərinin “sülhə ciddi yanaşmadığını” göstərir.
Polşanın baş naziri Donald Tusk deyib ki, son hərbi hücum Moskvanı “sakitləşdirmək cəhdlərinin” mənasız olduğunu göstərib.