"Azərbaycanın iqtisadiyyatının uzun illər əsas dayağı neft və qaz kimi enerji resursları olub. Lakin dünya bazarlarında bu resursların qiymətlərinin kəskin enib-qalxması ölkə üçün müəyyən risklər yaradıb. Bu səbəbdən enerji asılılığının azaldılması, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın gələcəyi üçün strateji zərurət hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, bu proses iqtisadi sabitliyi təmin edəcək. Neft qiymətlərinin dəyişməsi birbaşa büdcə gəlirlərinə təsir göstərir və sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində çətinliklər yarada bilir: "Qeyri-neft sektorunun inkişafı isə ölkəyə daha etibarlı və dayanıqlı gəlir mənbələri qazandıracaq. Nəticədə dövlətin maliyyə siyasəti bazardakı dalğalanmalardan daha az asılı olacaq və büdcə gəlirləri sabitləşəcək. Digər mühüm məqam ixracın şaxələndirilməsidir. Hazırda Azərbaycanın ixracının böyük hissəsini neft və qaz təşkil edir ki, bu da xarici bazarlarda ölkənin mövqeyini dar çərçivəyə salır. Əgər kənd təsərrüfatı, yüngül sənaye, emal sənayesi, informasiya texnologiyaları və xidmət sektoru gücləndirilərsə, Azərbaycan daha geniş ixrac imkanları əldə edə bilər. Bu həm ölkənin xarici ticarət balansını möhkəmləndirər, həm də beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırar.
Üçüncü böyük üstünlük məşğulluq sahəsində özünü göstərəcək. Enerji sektoru hər nə qədər yüksək gəlir gətirsə də işçi qüvvəsinə tələbatı məhduddur. Halbuki qeyri-neft sahələrinin inkişafı daha geniş iş imkanları yaradacaq. Kənd təsərrüfatı, turizm, logistika və informasiya texnologiyaları kimi sahələr çoxsaylı insan resurslarının cəlb olunmasına şərait yaradacaq. Bu isə həm regionlarda işsizliyin azalmasına, həm də sosial rifahın yüksəlməsinə səbəb olacaq. Beləliklə, enerji asılılığının azaldılması Azərbaycanın iqtisadiyyatını yalnız sabit və dayanıqlı etməklə kifayətlənməyəcək, eyni zamanda ölkəyə yeni ixrac imkanları qazandıracaq və minlərlə insan üçün məşğulluq perspektivləri yaradacaq. Bu, Azərbaycanın uzunmüddətli inkişafı üçün mühüm baza formalaşdıracaq".